ABŞ Dövlət Departamentində Suriya diktatorunu dəli adlandırdılar
Suriya prezidenti Bəşər Əsəd ya reallıq hissini, ya da ağlını itirib. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner mətbuat konfransında deyib.
Bundan əvvəl Bəşər Əsəd ABC telekanalına müspahibəsində deyib ki, ölkədə bir neçə aydır davam edən toqquşmaların qurbanları əsasən onun tərəfdarları, hərbçilər və polis əməkdaşları olurlar. Suriya prezidentinin sözlərinə görə, o, güc strukturlarına müqavimət göstərmək əmri verməyib. “Biz öz insanlarımızı öldürmürük. Dünyanın heç bir hökuməti, əgər bu hökumətə dəli başçılıq etmirsə, öz insanlarını öldürməz”, – Bəşər Əsəd bəyan edib.
ABŞ-da keçirilən brifinqdə isə jurnalistlərdən biri Mark Tonerdən Suriya prezidentinin bəyanatını şərh etməyi xahiş edib və Bəşər Əsədi dəli sayıb-saymadığını soruşub. “Düşünürəm ki, əgər bu müsahibədən çıxış etsək, o (Bəşər Əsəd), reallıqdan, ölkədə baş verənlərdən, Suriya xalqına qarşı divan tutulmasından tam xəbərsiz adam təsiri bağışlayır. Bu, ya reallıqdan ayrı düşmək və ya ona etinasız yanaşmaq, yaxud onun özünün dediyi kimi, dəlilikdir. Mən bilmirəm”, – Mark Toner cavab verib (ans press).