«The Washington Post»un İranda saxlanılmış müxbiri Jason Rezaian son 25 ildə xaricdə ən uzun müddətə həbsdə qalan ABŞ jurnalistidir. Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir. Dekabrın 30-da onun həbsdə 527-ci günü tamam olacaq. Məhkəməsi avqustun 10-da bitsə də, nə Rezaian, nə də vəkilinə hökm barədə məlumat verilib. İran jurnalisti həbsdə saxlamaqla açıq-aşkar öz qanunlarını pozur, hələ əsas insan haqları standartları bir yana dursun». Bunu «The Washington Post» qəzeti dekabrın 29-da baş məqaləsində yazır.
Məqalədə dünyanın azad olmayan ölkələrində jurnalistlərlə bu cür özbaşına və qəddar rəftarın qeyri-adi görünmədiyi vurğulanır. Elə CPJ-nin hesabatında da dünyada həbsdə yatan, öldürülən jurnalistlərdən bəhs edilir. Çin, Misir, Eritreya və Türkiyə isə jurnalistləri həbsdə saxlayan ölkələrin başında durur:
«Avtokratik rejimlər, demək olar, cəzasız qaldıqları üçün jurnalistləri təkləyir. Dövlət Departamenti, digər Qərb hökumətləri kimi, jurnalistlər həbs olunanda etiraz bəyanatları ilə çıxış edir, ancaq nadir hallarda hərəkətə keçir. Hətta ABŞ hökumətinin maliyyələşdirdiyi Azad Avropa/AzadlıqRadiosu üçün işləyən azərbaycanlı jurnalist Xədicə İsmayılovanın həbsi zamanı da belə davrandılar. Rezaian-ın azad olunmasını isə Obama administrasiyası bu yay əldə edilmiş nüvə sazişinin bir şərtinə çevirməyə çalışmadı. Nəticədə cənab Rezaian rekord həbs müddəti yaşayır. Prezident Obama, nüvə sazişindən fərqli olaraq, bu məsələni özündən sonra miras kimi buraxmamalıdır».
(azadliq.org)