Hansı döyər: “atom bombamız”, yoxsa “sanksiya layihəmiz?”

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Dünən bir xanım deputat Milli Məclisdə uşaqların təhsildən yayınmasının fəsadlarından-zaddan danışıb, daha sonra deyib ki, “Hollandiyada uşaqlar dərsdən sonra üzgüçülüklə məşğul olurlar. Ona görə də sağlam bədənli, uzun boyludurlar, bizim əsgərliyə gedən gənclərimiz isə çox cılızdırlar. Bu cür gənclər vətəni necə qoruya bilər?”, falan-filan.

Doğrusu, mən xanım deputatın bu sözlərindən heç nə anlamadım. Həm deyir, bizdə uşaqlar dərsdən yayınırlar, həm də Hollandiyada məktəblilərin dərsdən sonra üzgüçülüyə getməsini nümunə göstərir. Indi bunu necə başa düşək? Uşaqları ona görə məktəbə cəlb etmək lazımdır ki, onlar dərsdən sonra üzgüçülüyə də getsinlər? Həm də Hollandiyayaya bu qədər həsəd aparmaq nə üçündür? Bizdə uşaqlar üzmürlər bəlkə, amma əsas odur ki, manatımız üzür.

Nə isə, mövzudan çox uzaqlaşmayaq. Spiker Oqtay Əsədov həmin xanım deputatın hətta ötəri tənqidindən belə, bərk qeyzlənib, acıqlı şəkildə belə deyib: “Siz elə danışırsınız ki, guya Azərbaycanda hər şey bədbindir. Heç kim dərsə getmir, məktəblər fəaliyyət göstərmir. Siz deputatsınız, çıxış edəndə bilin ki, harada çıxış edirsiniz…”

Əslində, Əsədovun bu cür reaksiyası Azərbaycanda “parlament” adlanan qurumun necə qondarma, əldəqayırma olduğunun götəricisidir. Oqtay müəllimin sələfi Murtuz Ələsgərov da vaxtilə, demişdi ki, “bəziləri Milli Məclisi siyasət meydanına çevirmək istəyir; biz buna yol verməyəcəyik!”

Indi də onun xələfinin xırda bir tənqidə kəskin reaksiyası Azərbaycanın hansı zehniyyətlə idarə olunduğunu göstərir. Heç bir irad qəbuledilməzdir! Yalnız tərifə yaşıl işıq var. Yalnız mədh və vəsf etməlisən.

Düzünə qalsa, nə vaxtilə Ələsgərovun, nə indi Əsədovun sözlərini qəribçiliyə salmağa dəyməz. Bir ölkədə parlament seçkili orqandan təyinatlı orqana çevrilibsə, orada oturanlara mandatı xalq deyil, bir nəfər verirsə, parlament Prezident Administrasiyasının filialı, şöbəsi rolunu oynayırsa, məntiqlə belə də olmalıdır: ora siyasət meydanına çevrilə bilməz, orada tənqidə, irada yer ola bilməz. Orada ancaq icazəli nitqlər söyləmək mümkündür. Hansı ki, həmin nitqlər də ancaq mədhiyyəçiliyə söykənməlidir, tərif üzərində qurulmalıdır.

Elə yuxarıda dediklərimizdən yola çıxdıqda hakimiyyətdəkilərin ABŞ-a qarşı sanksiyalarla bağlı layihəni hansısa deputatın “şəxsi təşəbbüsü” kimi qələmə vermələri çox gülünc səslənir. Axı kimi aldadırsınız?! Necə olur, bir deputat dərsə getməyən uşaqlardan danışanda belə dərhal ona acıqlanır, ona necə danışmalı olduğunu öyrədirlər, amma başqa bir deputat Azərbaycanı dünyada məzə obyektinə çevirəcək layihə düzəldir, dərhal da həmin layihə müzakirəyə çıxarılır?! Absurd deyilmi?

Layihə müəllifi olan deputatın özünün də bir açıqlamasını gördüm, and içib aman edirdi ki, belə bir komik sənədi hazırlamaq üçün ona “yuxarılar”dan heç bir sifariş, tapşırıq gəlməyib. Inanırıq, əlbəttə, inanırıq. Hətta sən özün də tam demokratik yolla deputat seçilmisən. Şəkk edənə lənət!

Zarafatı bir kənara qoyaq. Yapçılar hələ də Cəbhə-Müsavat hökumətinin bir nazirinin Ermənistana atom bombası atmaq barədə dediklərini lağa qoyub gülürlər. Insafla desək, əslində gülmək lazımdır da. Amma inanın, ABŞ-a qarşı sanksiya layihəsi hazırlamaq həmin atom bombası söhbətindən qat-qat gülünc, biabırçı bir işdir. Ümumiyyətlə, Azərbaycanın bu gün gəldiyi nöqtə göstərdi ki, milli hakimiyyətin devrilməsini Cəbhə-Müsavat hakimiyyətinin səriştəsizliyinə, təcrübəsizliyinə bağlamaq nə qədər mənasızdır. Heç kimin əl-üzünü yumuram, təbii. Amma bir az da insafla danışaq: əgər 1992-93-cü illərdə, özü də bir yandan qanlı savaşın getdiyi, o biri yandan dünyanın, regionun dəhşətli siyasi və hərbi xaos içərisində çapaladığı vaxtda qurulmuş milli hökumətdə təmsil olunanlara səriştəsiz, bacarıqsız deyiriksə, onda bir belə neft pulları ilə ölkəni axırda hazırkı aclıq, yoxsulluq, səfalət illərinə gətirib çıxaranların adını nə qoyaq?!