Nurəddin Məmmədli: «ABŞ-ın Azərbaycana qarşı sanksiyalarının gündəmdə olduğu şəraitdə bu cür hərəkət dünyaya meydan oxumaqdır»
Vidadi Mirkamal: «Hakimiyyət tezliklə siyasi məhbusların əfv olunması barədə ayrıca fərman verməsə, sanksiyalar qaçılmaz olacaq»
Dekabrın 28-də 200-dən çox məhkum əfv edilsə də, onların sırasında bircə nəfər də siyasi məhbusun olmaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta əfv fərmanından əvvəl xeyli nikbin pronozlar verən, Ilham Əliyevə təqdim olunan siyahıda siyasi məhbusların da adlarının olduğunu deyən Işçi Qrupun üzvlərinin özləri də bu cür nəticəni gözləmədiklərini etiraf ediblər.
Vaşinqtonda Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin təqdimatından bir neçə gün sonra baş verən bu addımla hakimiyyət sanki Amerikaya ondan qorxmadığının mesajını verməyə çalışır.
Professor Nurəddin Məmmədli deyir ki, bu şəkildə davranışı, sonuncu əfv fərmanını hansısa siyasi faktorla izah etmək mümkün deyil. Onun sözlərinə görə, hakimiyyət bu cür yanaşma ilə dövlətçilik maraqlarını, ölkənin gələcəyini qətiyyən nəzərə almır: “Bu hikkənin nəticəsi olaraq, hakimiyyət bütün dünya ilə savaşa girmək yolunu tutub. Ölkədə böyük faciələr baş verir. Son devalvasiya əhalinin narazılığını hər gün artırmaqdadır. ABŞ-ın Azərbaycana qarşı sanksiyalarının gündəmdə olduğu şəraitdə, bu cür hərəkət bütün dünyaya meydan oxumaq deməkdir. Iqtisadiyyatı və dövlətçiliyi zəif olan bir ölkənin dünyaya meydan oxuması xalqa, müxalifətə və iqtidara yaxşı heç nə vəd etmir. Ancaq demokratik islahatlarla ölkəni vəziyyətdən çıxarmaq mümkündür. Sonuncu əfvlə məsələnin belə yekunlaşacağı gözlənilməz idi. Bu, normal məntiqə, dövlətçilik maraqlarına və hakimiyyətin özünün maraqlarına qətiyyən cavab verən addım deyil”.
Tanınmış hüquqşünas Vidadi Mirkamal da əfvin mahiyyəti və məzmununa diqqət çəkərək, ictimai-siyasi fəaliyyətinə, tənqidçi mövqeyinə görə həbs edilən insanları hakimiyyətin buraxmaq fikrində olmadığını bildirir. Onun sözlərinə görə, hakimiyyət özünün qatı düşməni saydığı tanınmışları, ictimai-siyasi çəkili insanları buraxmaq fikrində deyil:
“Konqresdə müzakirə edilən qanun layihəsilə eyni ərəfədə əfv barədə məlumatların yayılması siyasi məhbusların azadlğa buraxılması gözləntilərini daha da artırmışdı. Hakimiyyət iqtisadi cəhətdən sarsılmış bir vəziyyətdə müvafiq addım atmadı. Hakimiyyət demokratik, siyasi, iqtisadi, hüquqi islahatlar keçirmək əvəzinə, insanların gözünü qorxutmaq, həbsə atmaq, ələ almaq yolunu tutub. Dünyada baş verən dəyişikliklər hələ bu hakimiyyəti silkələməyib. Hesab edirəm ki, verilən əfv əslində, cəmiyyətin gözləntisi deyildi. Hakimiyyət tezliklə siyasi məhbuslarla bağlı ayrıca əfv verməlidir. Ya da Konqresə təqdim edilən qanun layihəsi əsasında sanksiyaların tətbiqi labüddür”.
Nigar


