Oqtay Əsədov Aytən Mustafayevaya əsəbiləşdi, Zahid Oruc isə Yevda Abramovla «atışdı»
Milli Məclisin dünən keçirilən 2015-ci il üçün son iclası qalmaqallarla yadda qalıb. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Zahid Orucla həmkarı Yevda Abramov arasında mübahisə baş verib.
Yevda Abramov Zahid Oruca replika atıb. Zahid Oruc da həmkarının replikasını sərt formada cavablandırıb və əlini ona tərəf uzadaraq “Yaxşı ki, bu parlamentə sədrliyi yəhudilər etmir” deyib.
Parlamentin bundan öncəki iclasında da Y. Abramov Z. Orucun çıxışı zamanı “söz verilir Zahid Oruca” deyə, yerdən replika atmışdı.
Deputat Aytən Mustafayeva isə təhsil problemlərindən danışarkən Milli Məclisin spikeri Oqtay Əsədovu qəzəbləndirib. Deputat bildirib ki, deputatın sözlərinə görə, bəzi kənd yerlərində, o cümlədən Bakının Nardaran qəsəbəsində uşaqlar 10-11 yaşından sonra məktəbə getmirlər:
“Uşaqlarımız təhsildən yayınırlar. Həm də Nardaran hadisələri göstərdi ki, təhsilə ciddi fikir verməmək nələrə gətirib çıxarır. Tək təhsildə yox, uşaqların asudə vaxtında da ciddi problemlər yaşanır. Onlar avara qalırlar. Azərbaycanda bu qədər idman kompleksləri tikilib. Amma orada uşaqların iştirakı sıfır dərəcəsindədir. Fikir versək, Hollandiyada uşaqlar dərsdən sonra üzgüçülüklə məşğul olurlar. Ona görə də sağlam bədənli, uzun boylu olurlar. Amma bizim əsgərliyə gedən gənclərimzə baxsaq, onlar uşaq kimi görünürlər, cılızdırlar. Bu cür gənclər vətəni necə qoruya bilər?”
Oqtay Əsədov isə sərt şəkildə Aytən Mustafayevaya xitabən deyib: “Siz elə danışırsınız ki, guya Azərbaycanda hər şey bədbindir. Heç kim dərsə getmir, məktəblər fəaliyyət göstərmir. Siz deputatsınız, çıxış. edəndə bilin ki, harada çıxış edirsiniz. Eyni zamanda idmançıların boyundan danışdınız. Bizim idmançılarımız mötəbər yarışlarda çıxış edirlər, uğur qazanırlar. Xahiş edirəm ki, çıxışlarınızda belə məsələlərə diqqət edin”.



