Polis mayoru türmədə intihara əl atdı

Şərlənməsinə dözməyən Dursun Əliyev depressiyadan ölümlə xilas olmaq istəyib

Keçmiş polis mayoru Dursun Əliyev Kürdəxanıdakı istintaq təcridxanasında intihara cəhd edib. Bu barədə “Azadlıq”a onun bacısı Tamilla Əliyeva məlumat verib.
Onun sözlərinə görə, şərlənərək həbsə atılmasından  depressiyaya düşən qardaşı əlacsızlıqdan intihara əl atıb. Bu hadisəni təcridxana rəhbərliyi gizlətməyə çalışsa da, məhbuslardan birinin ailəsindən onlara xəbər çatdırılıb. Xəbər tutublar ki, Dursun Əliyev 6 dekabrda gecə bir ovuc dərmanı udub, daha sonra özünü boğmaq istəyib.
Tamilla Əliyeva qardaşı ilə görüşmək istəsə də, təcridxanada ona bu şərait yaradılmayıb. Təcridxananın rəhbərliyi xanım Əliyeva ilə söhbətində faktı təsdiqləyib. Lakin bildirib ki, ciddi narahatlığa ehtiyac yoxdur, dustaq Mərkəzi Xəstəxanaya köçürüləcək.
Binəqədi Rayon Polis Idarəsinin 6-cı polis bölməsinin əməliyyat müvəkkili, polis mayoruÿDursun Əliyevÿbu ilin iyulunda həbs edilib. Daxili Işlər Nazirliyinin məlumatına görə, o, 2 qram narkotik maddəni satarkən yaxalanıb. Tamilla Əliyeva isə “Azadlıq”a təqdim etdiyi məktubda göstərmişdi ki, qardaşını polis rəisi öz agentləri vasitəsilə şərlətdirərək, həbs elətdirib. Onun işi üzrə hazırda Binəqədi Rayon Məhkəməsində proses gedir. Dursun Əliyevÿ Qarabağ müharibəsi veteranıdır. 1990-1992-ci illərdə Əsgəran rayon Milis Şöbəsinin rəisi işləyib. 2008-ci ildə DIN-in “qüsursuz xidmətinə görə” medalı ilə təltif olunub.

Natiq