Bakıda “Frontline” media klubu açıldı

Dünyada tanınmış “Frontline” media klubunun Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib. Layihənin təşəbbüskarı “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Frontlayn klubunun tarixi, fəaliyyəti və postsovet ölkələrində mətbuatın inkişafında oynadığı rol haqda danışıb.

O deyib ki, Frontlayn yüzlərlə istedadlı media nümayəndəsini, plüralizmin inkişafına töhfə vermək istəyən digər peşə sahiblərini, tanınmış ziyalıları birləşdirən platformadır: “Frontlayn Bakı elə bir klub olacaq ki, orada medianın səviyyəsinə və ictimai roluna, KİV-də kifayət qədər diqqət yetirilməyən və ya birtərəfli qaydada işıqlandırılan hadisə və problemlərə dair müzakirələr apara biləcəksiniz. Burada müzakirələr qeyri-formal şəraitdə, auditoriya şəklində təşkil olunacaq. Qurumun fəaliyyəti cəmiyyət-jurnalistika əlaqələrinin möhkəmlənməsinə də töhfə verəcək”.
Tanınmış jurnalist Qulu Məhərrəmli bildirib ki, bu klub mətbuat üçün oksigen balonu rolunu oynayacaq. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinin Bakı şəhəri haqda hazırladığı qısametrajlı film nümayiş etdirilib. Filmdə qaldırılan problemlərə dair fikir mübadiləsi aparılıb, tənqid və təkliflər səsləndirilib. Toplantıda jurnalist Çingiz Sultansoy, hüquq müdafiəçisi Eynulla Fətullayev, professor Niyazi Mehdi, deputat Asim Mollazadə, AXCP sədrinin müavini Razi Nurullayev və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər (APA).