Rusiya müxalifəti ümumxalq mitinqinə hazırlaşır

10 dekabr Kreml üçün ağır gün olacaq

 

Rusiyada parlament seçkisinin nəticələrinə etiraz aksiyaları davam edir. Paytaxt Moskvanın Triumfalnaya meydanında aksiya keçirən “Həmrəylik” hərəkatının lideri Boris Nemtsov və müxalif “Başqa Rusiya” hərəkatının lideri Eduard Limonov həbs olunsalar da, sonradan azad ediliblər. Onlar sadəcə “Rədd olsun hökumət!” şüarı səsləndirdiklərinə görə saxlandıqlarını bildiriblər.

 

“Yabloko” partiyasının lideri Serqey Mitroxin də bir müddət təcridxanada qaldıqdan sonra azad edilib. Moskva polisinin məlumatına görə, ümumilikdə paytaxtda 300-dək adam saxlanıb. Müxalif fəallar İlya Yaşın və Mixail Navalnı 15 sutka azadlqıdan məhrum ediliblər. Asayiş keşikçiləri müxalifətin icazəsiz mitinqini dağıdıblar. Sosial şəbəkələrdə etiraz aksiyalarına çağırışlar yayıldıqdan sonra Triumfalnaya meydanında 10 minə yaxın hökumət əleyhdarı toplanıb. Aksiya zamanı səsgücləndiricilər vasitəsilə Putin əleyhinə şüarlalr səsləndirilib.

Seçki saxtakarlığı sosial şəbəkələrdə

Sosial şəbəkələrdə, 3 gün əvvəl keçirilmiş parlament seçkisi zamanı saxtakarlığa yol verilməsini əks etdirən görüntülər yayılıb.
Sosial şəbəkələrdə nəticələrin saxtalaşdırılmasına qarşı növbəti kütləvi aksiyaya çağırışlar da yer alıb. Müxalifət tərəfdarları və hərəkatlar dekabrın 10-da ümumrusiya nümayişinə çıxmağa çağırır. Moskvada aksiya keçirməyə yalnız “Həmrəylik” hərəkatına icazə verilib. Aksiya iştirakçılarının sayına 300 nəfərlik məhdudiyyət qoyulub. Etirazın keçiriləcəyi məkan kimi isə İnqilab meydanı göstərilib. Etiraz aksiyaları Rusiyanın digər şəhərlərində də keçirilib. Sankt-Peterburqda 60-a yaxın etirazçının həbs olunduğu bildirilir.

Medvedevə söyüşə keçdi

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı  Moskvada müxalifət nümayəndələrinin və nümayişçilərin həbs edilməsini pisləyib və Rusiya hökumətini vətəndaşların birgə toplaşmaq azadlığına və hüquqlarına hörmət etməyə çağırıb: “Etirazçılar seçkinin necə keçirilməsinə dair öz fikirlərini ifadə etmək hüququna malikdirlər. Dinc nümayişçilərin saxlanması və həbsxanaya salınması hökuməti o qədər də yaxşı xarakterizə etmir və demokratik cəmiyyətdə bu, yolverilməzdir”.
Rusiya prezidenti Dmitri Medvedevin “Twitter”dəki səhifəsində ““Yedinaya Rossiya” (Vahid Rusiya) partiyasını “kələkbazlar və oğrular partiyası” adlandıranlarla bağlı söyüş yerləşdirilib. Təqhirləri Kremlin internet ideoloqu Konstantin Rıkovun yerləşdirdiyi söylənilir. Mesaj Dmitri Medvedevin səhifəsində cəmi bir neçə dəqiqə qalıb və sonradan pozulub.

Kreml ABŞ və Avropanı topa tutdu

Medvedev seçkilərdə baş vermiş qanun pozuntularına görə Rusiyanı sərət tənqid edən ABŞ və Avropa Birliyinə də cavab verib. Xatırladaq ki, ABŞ dövlət katibi Hillari Klinton və Avropa Birliyinin ali komissarı Ketrin Eşton parlament seçkilərinin saxtalaşdırıldığını bildirərək Rusiyadakı siyasi sistemi tənqid edən mesajlar vermişdi.
Qərb rəsmilərinin açıqlamalarına münasibət bildirən Medvedev bildirib ki, seçkilərə pozuntular baxımından diqqət yetirirlərsə, bu başqa bir şeydir. Amma bundan istifadə edərək Rusiyadakı siyasi sistemi tənqid etmək doğru deyil, bundansa öz işlərini görsünlər.

Rusiya Xarici İşlər Nazirliyindən yayılan açıqlamada isə bildirilir ki, Obama administrasiyası və Avropa Birliyi rəsmisinin mövqeyi qəbuledilməzdir: “Təəssüf ki, Vaşinqton dəbdən düşmüş sözlər və fikirlərlə seçicilərimizə hörmətsizliyini ortaya qoyub. ABŞ tərəfinin gələcəkdə müsbət mövqeli əlaqələrimizin əksinə olan bu tip düşməncə hücumlardan çəkinəcəyinə ümid edirik”.

Putin islahat sözü verdi

Parlament seçkilərindən sonra müxalifət fəallarının meydanlara axışması və seçkilərdə gözlədiyi nəticəni ala bilməməsi Rusiyanın baş naziri Vladimir Putini islahatlar keçirəcəyinə dair söz verməyə vadar edib. Bununla belə o, gələn ilin martında keçiriləcək prezident seçkilərindən öncə hökumətdə dəyişikliyə getməyəcəyini bildirib.

İnformasiya şöbəsi