“Şüşə qəfəsdə otursa da, məhkəmə zalında ən azad insan Rauf idi. Bunu onun baxışlarından görmək olurdu. Amma hakim qəlbində insafsızlığa məhkum qalmışdı. Çünki bilirdi ki, bir yaşlı ana göz yaşları axıdacaq, təmiz qəlbi ləkəyə dözməyən atanın ruhu o dünyada narahat qalacaq. Amma o yenə də hökmünü oxudu. Raufa 6 il cəza verdi, özünü isə ömürlük bu günaha dustaq etdi”. Bu bəyanatla dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 il həbsə məhkmum etdiyi jurnalist Rauf Mirqədirovun anası Rəfiqə İsayeva musavat.com saytında çıxış edib.
Xanım İsayeva Amerikanın Səsinə müsahibəsində isə Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında tək adamlıq kamerada saxlanan oğluna can sağlığı arzulayıb.
Amerikanın Səsi: Dünən məhkəmə oğlunuz Rauf Mirqədirova 6 il həbs kəsən zaman səhhətiniz pisləşdi. İndi özünüzü necə hiss edirsiniz?
Rəfiqə İsayeva: Hal-hazırda vəziyyətim yaxşı deyil. Çünki mən bütün gecəni yatmamışam, nəfəs çatışmamazlığı olub, havam çatışmayıb. Balkonda oturub hava qəbul etmişəm. Məndə həm şəkər, həm də asma var. Ona görə asma nəfəs borumu tutur və danışığımı kəsir, boğuntu əmələ gəlir.
Amerikanın Səsi: Məhkəmənin hökmünü necə qiymətləndirirsiniz?
Rəfiqə İsayeva: Mən, elə əvvəlcədən də demişəm. Məhkəmənin ona verdiyi maddədən (ittiham nəzərdə tutulur-red) narazıyam. Çünki mənim oğlum vətənini sevən, vətəninə bağlı adamdır. O həmişə vətənlə, xalqla fəxr edibdir. Hal-hazırda ona verilən vətən xaini (dövlətə xəyanət ittihamı-red) maddəsi həm böyük günahdır, həm də məni həyatda öldürür.
Amerikanın Səsi: Siz qeyd edibsiniz ki, məhkəmə zalında ən azad adam Rauf Mirqədirov idi, sizin oğlunuz idi. Bununla bağlı fikirlərinizi bilmək istərdim?
Rəfiqə İsayeva: Mən onu sizin dediyiniz kimi, ən azad adam hesab edə bilmərəm. Çünki o hal-hazırda balaca bir çərçivənin içərisində (məhkəmə zalındakı şüşə qəfəs nəzərdə tutulur-red) idi, hətta mənə bir ana kimi ona yaxınlaşıb görüşməyə imkan vermədilər.
Amerikanın Səsi: Hökumətə, o hökmü oxuyan hakimə sözünüz varmı?
Rəfiqə İsayeva: Mən dövlətimdən xahiş edirəm ki, Raufun məsələsinə tam, konkret, obyektiv olaraq baxılsın. Mən hökumətimi, dövlətimizi sevən adamam. Rauf da mənim kimi, dövlətini, Azərbaycan xalqını sevən bir adamdır. Mən heç zaman özümə sığışdıra bilmərəm ki, Raif haqqında onlarda belə fikirlər oyanmış olsun. O ki, qaldı onların münasibətinə, mən deyə bilmərəm onların münasibəti pisdir. Çünki tam mənası ilə sakit, təmkinlə onlar öz işlərini aparırdılar.
Amerikanın Səsi: Hakimə sözünüz varmı, hakimin oxuduğu hökm sizi qane etdimi?
Rəfiqə İsayeva: Xeyr, məni hakimin oxudğu hökm qane edə bilməzdi. Çünki mən heç cür inana bilməzdim ki, oğluma 6 il iş versinlər.
Amerikanın Səsi: Neçə aylardır ki, məhkəmə proseslərini izləyirsiniz. Azərbaycanda azad məhkəmə məfhumu ilə fikirləriniz necədir, azad məhkəmə varmı?
Rəfiqə İsayeva: Ümumiyyətlə Raufun işi ilə bağlı mən məhkəmə işi ilə məşğul olmağa başladım. Mən buna qədər məhkəmələrin gedişini bilmirdim, televiziyada, kinolarda görmüşdüm. Mən deyə bilmirəm ki, azad məhkəmə keçirilib, azad bir məhkəmədir. Bunu deyə bilmərəm. Çünki mən qabaqkı məhkəmələrin, indiki məhkəmələrin gedişatı barədə heç bir söz deyə bilmərəm. Yalnız bir söz deyə bilərəm ki, Rauf orada azad deyil. Rauf artıq 1 il 8 aydır Milli Təhlükəsizlik Nazirliyində tək bir otaqda saxlanılır.
Amerikanın Səsi: Oğlunuza media vasitəsi ilə sözünüz varmı?
Rəfiqə İsayeva: Oğluma sözüm odur ki, ona can sağlığı və tezliklə azad olub evində olmasını arzulayıram.