Səbri “bezrazmer” millətim

Ingiltərədə böyük tətil dalğası başladı.

O Ingiltərədə ki, orada adambaşına illik gəlir 37 min funt-sterlinqdən (50 min ABŞ dolları) artıqdır.
O Ingiltərədə ki, cümlə vətəndaşların tibbi sığortası var. Yəni hər bir ingilis xəstələndiyi halda pulsuz tibbi müalicə alır, aptekdən dərmanları belə pul ödəmədən əldə edir.
O Ingiltərədə ki, ucuz və keyfiyyətsiz mala pul verməyi səfehlik adlandırırlar, bahalı paltar geyinir, ekoloji təmiz ərzaqlar alır və delikates yeməyi xoşlayırlar (az qala cümlə Azərbaycanın geyindiyi ucuz və keyfiyyətsiz Çin mallarını və keyfiyyətdən yeddi dağ aralı ərzaq məhsullarımızı xatırlayın).
O Ingiltərədə ki, orada işıqlar sönmür, adamlar üşümür.
Və tətil edirlər. Paradoksa bax, adamlar cənnətdə yaşayır, hələ bir hökumətdən narazıdırlar da.
“Onlar dünyanın ən yağlı millətidir”. Ruslar ingilislər haqqında belə deyir. Nədən “yağlı millət” tətil edir?
Büdcə təşkilatında çalışan iki milyon ingilisin hökumətdən tələbi nədir?
Maaş artımının az olması və pensiya həddinin 65-dən, 67-yə qaldırılması qane etmir Böyük Britaniya vətəndaşlarını.
Yəqin ki, bizim büdcə təşkilatlarında çalışanlara qəribə gəlir ingilislərin hərəkətləri. Mümkündür ki, bəzi danabaş dövlət məmurları və ya YAP iqtidarının ştatlı-ştatsız yaltaqları Böyük Britaniya hökumətini tənqid atəşinə də tutsunlar. Ki, səriştəsiz hökumət ölkədə stabilliyi saxlamaq iqtidarında deyil.
Əsla Ingiltərə vətəndaşlarının durumu ilə Azərbaycan vətəndaşlarının durumunu müqayisə etmək istəmirəm. Ingilislər dünyaya ağalıq edirlər, çox iti ağıl sahibidirlər və dünyadakı cümlə icadların, ixtiraların, kəşflərin əksəriyyəti onlara məxsusdur.
Bizi necə tanıyırlar? Yazmağa əlim gəlmir.
Bir məsələni isə yazmaqda israrlıyam. Ingilisin də büdcə təşkilatlarında çalışanlarının başı var və bizimkilərin də çiyninin üstündə baş yaradıb Allah. Ancaq nədənsə, ingilis müəllimi yaxşı yox, super yox, superdən də super yaşamaq üçün hökumətinin yaxasından tutur, ehtiyacdan beli əyilmiş Azərbaycan müəllimi özünü toplayıb hökumətə deyə bilmir ki, sənin rəva bildiyin maaşla adam kimi yaşamaq mümkün deyil. Əksinə, maaşı ildə bir yol iki kilo dana ətinin miqdarında artırılanda az qalır sevindiyindən dombalaq aşsın.
Ingilisin büdcə təşkilatında çalışanı hökuməti divara dirəyir ki, pensiya həddini 65 yaşdan yuxarı qaldırmasın. Nədən ki, o yaşda pensiyaya çıxıb ölənə kimi dünyanın kefini yaşamaq istəyir.
Bizim müəllimləri, həkimləri, mühəndisləri 65 yaşda pensiyaya göndərəndə elə haray-həşir salırlar ki, gəl görəsən. Səbəbi bəllidir. Alacağı pensiya ilə yaşaya bilməyəcəyini, əbədi dünyaya gedən yolun qısalacağını yaxşı bilirlər axı. Qınamalı da deyil, müəllim 65 yaşda pensiyaya çıxsa nə edəcək? Nə tibbi sığortası var, nə də pensiyası mədəsinin problemlərini həll etmək iqtidarındadır. Gedib dana otarmayacaq ki. Hansı fermer 65 yaşlı müəllimə – o müəllimə ki, şüurlu həyatı boyu doğal haqqını tələb etməkdə aciz durumda olub – biri 1500-2000 manat dəyərində olan danasını etibar edər?
Daha bir məsələyə də toxunmaq fikrindəyəm. Bizdə çoxları dövlət və hökumət məfhumlarını qarışdırır. Təsəvvür edin ki, bir orta məktəbdə 30 müəllim çalışır və direktor xaric bütün müəllimlərin dolanışığı maaş azlığından acınacaqlıdır. O 30 MÜƏLLIM SÖZÜ BIR YERƏ QOYUB, MAAŞLARININ ARTIRILMASI TƏLƏBI ilə 3 günlük tətil elan etsələr, DÖVLƏT onlara nə edəcək? Həbs etməyəcək ki, 30 müəllimi birdən. Müəllimlərimiz bunu etmir. Elə düşünürlər ki, hökumətin – Nazirlər Kabinetinin yaxasından yapışmaq, dövlətə qarşı çıxmaqdır. Və yuxarıdakılar da hökumətə yönəlik tələbi dövlət əleyhinə hərəkət kimi dəyərləndirirlər. Nəticədə QORXU öz işini görür. Və hər kəs səbirli olur. Səbrin də bir həddi-hüdudu olmalıdır, ya yox?
Bizim millətin səbri “bezrazmerdir”, deyəsən. Belə olmasaydı, müəllim də, həkim də, mühəndis də, təqaüdçüsü də ADAM kimi yaşayardı. Eynən ingilislər kimi.