natiqedilov

Rejim çökür?

natiqedilovNatiq Güləhmədoğlu

natnetaz@gmail.com

Vəziyyət belədir ki, ürək sözlə dolu, yazmağa həvəs yox. Cəsarətə bağlı məsələ deyil, bəlkə də mərhəmətlə əlaqəli haldı. Halımız aydındı, ölkəni bataqlığa salanlar da aşkardır və elə bir andır ki, indi onları tənqid eləmək cəsarət yox, qəddarlıq, rəhmsizlik sayılmalıdır. Yoxdular. Perik düşüblər. Manatın vayına oturublar, indi hərəsi qaçıb bir yanda gizlənib. Herakl kimi, hökumətin bütün yükünü qüdrətli çiyinlərinə alan Siyavuş Novruzov da bu aralar ilim-ilim itib.

Demək istədiyim odur ki, indi bu yamangünlü, bacarıqsız hökuməti tənqid eləmək hünər istəmir. Onların halı “əri ölən arvadı it də qapdı bu yandan” məsəlindən də betərdir. Neft ucuzlaşıb, “onurğa sütünu” adlandırdıqları MTN sınıb (canlı orqanizmdə onurğanın sınması bərpa olmayan iflic deməkdir), dünyanın mədəni hissəsi dörd bir yandan bunların üstünə gəlir və bu hay-hayda manat kəlləsini qoyub yerə. Tam “kafər başına gəlsin” deyə biləcək hal. Belə bir vəziyyətdə iqtidarı necə tənqid edəsən və nəyini tənqid edəsən? Indi heç bir tənqid onlara manatın ölümü və neftin ucuzlaşmasından artıq təsir edə, qəm-qüssəyə qərq edə bilməz.

Indi əliyevçi rejimin tənqidçiləri özlərinə rahatca bir aylıq istirahət verib, məsələn, Yardımlı dağlarına çəkilib uzun qış gecəsində muğam-filan dinləyib, dincələ bilərlər. Onların dərsini ana təbiət, dövran, zaman, tale yüksək peşəkarlıqla və çox intizamlı şəkildə verməkdədir.

Marksın təbirincə desək, tarixin (hökumətin mahiyyətinin) izaholunma mərhələsi keçmişdə qalmalı, indi əsas iş “onu necə dəyişməli” olmalıdır.

Bəzilərində belə bir illüziya var ki, iqtisadi böhran Ilham Əliyevin çox sakit formada çemodanını götürüb getməsilə nəticələnəcək. Təki belə olaydı. Belə olsa, onu Nobel sülh mükafatına namizəd də vermək olar. Amma avtoritar rejimlərin mahiyyəti bu variantı bir az arxa plana atır.

Bəli, pulun olmaması hökuməti çox çətinlik içində qoyacaq. Kriminal artacaq, idarəetmədə rıçaqlar zəifləyəcək, fəqət Ilham Əliyev və komandası nə qədər kasıblasa da, bizlərin gününə düşmələrinə çox var. Biz təbəə olaraq, kasıb yaşaya biliriksə, hakim rejim niyə alababat imkanla yaşamasın. Üstəlik, onlara puldan savayı, başqa bir şey də güc verir: idarəetmə şövqü, həzzi.

Ilham Əliyevdən və onun məmurlarından olsa, günü bu gün ölkəni tərk edib xaricə gedərlər. Niyə getmirlər? Çünki onlar xaricdə heç kim olacaqlar… Bugünkü təntənəli adları, şərəflərinə verilən ziyafətlər, başqa məziyyətlər bir anın içində yoxa çıxacaq. Ondan geridə isə heç nə qalmır…

Gün kimi aydındır ki, hakimiyyət kürsüsü olmadığı günün ilk saatlarında Əliyevlərin və onların kadrlarının sərvətləri darmadağın olacaq. Tarixdə belə nümunələr sonsuz saydadır, Iran şahı Rzanın arvadının, qayınanasının xatirələrini oxusanız, özünüz şahid olacaqsınız.

Kütlə psixologiyasının böyük sənətkarı Le Bon yazırdı ki, kütlə ona hökmranlıq edənlərin azca axsadığını görən kimi bütün gücünü onun üzərində hiss etdirmək istəyir. Burada söhbət təkcə fiziki gücdən getmir, mənəvi faktorlar da bura daxildi. Yəni, tiranlar onlara güc verən kürsünü itirən kimi, məhz bu fakta (kürsüyə) görə onların səcdəsində duran, hörmətini saxlayan, onlardan qorxanlar ilk fürsətdə qisas almağa qalxır – təhqir formasında, aşağılamaq, saymamaq və başqa cəzalandırma tədbirləri ilə. Bunları biz biliriksə, hakim rejim bizdən də yaxşı bilir. Odur ki, onlar üçün bu seçimi eləmək pis gündə Azərbaycanda titullu, imtiyazlı yaşamaqdan cəlbedici deyil.

Bu varinat o vaxt keçərli olacaq ki, Azərbaycanı idarə edənlər, o təsvir elədiyimiz haldan, münasibətdən daha betərini işlədikləri kollektivdə, yaşadıqları cəmiyyətdə, məhəllədə görsünlər. Azərbaycanlılar onların başlarına müsibətlər gətirən adamlara yenə də yaltaqlıq eləməyi, yarınmağı üstün məziyyət, fərasətlilik kimi görəcəksə, onda neftin, manatın, beynəlxalq aləmin bizə indi ərmağan elədiyi bu xoşniyyətli bonuslar hamısı gedəcək işinin dalınca…