Günahkarı harda axtarmalı?

ilham-mushavireYaxud, hökumətsizliyin yaratdığı faciə

Günlərdi ölkəmiz devalvasiya havası ilə çalxalanır.  Hökumətin bundan öncəki “sürpriz”lərindən fərqli olaraq 50 faizlik devalvasiya bütün insanların həyatına təsir etdi. Bir gecənin içində analoqsuz biabırçılıq baş verdi və insanlar növbəti dəfə soyğunçuluğun qurbanına çevrildi.

Həqiqətən də olduqca ciddi hadisə baş verib. 10 ay müddətində milli valyuta 98 faiz ucuzlaşıb. Indi hamı bu hadisədən danışır, hamı günahkar axtarmağa başlayıb.  Saytlar, qəzetlər, sosial şəbəkələr dağılır. Kimisi Maliyyə nazirini, kimisi Mərkəzi Bankın sədri Elman Rüstəmovu, kimisi Cahangir Hacıyevi, kimisi Eldar Mahmudovu ittiham edir. Hər versiyanın da müəyyən əsaslandırması var və hamı sübut etmək istəyir ki, günahkar filankəsdir.

Təbii ki, bu ölkədə yüksək vəzifə tutanların hamısı məsuliyyət daşıyır. Iri məmurlar vəzifələrindən sui-istifadə edərək, qanunsuz əməllər qarşılığında aşırı varlanıblar və s.

Amma məsələyə daha obyektiv, ədalətli yanaşmaq lazımdır.  Baş verənlər göstərdi ki, bu ölkədə hökumət yoxdur. Bəli, sözün həqiqi mənasında hökumətsizlikdir. Təsəvvür edin ki, bu miqyasda hadisə baş verir, insanlar günahkar axtarışındadır və baş nazir, onun müavinləri susur. Nazirlər Kabinetindən səs gəlmir. Sanki, bu strukturlar, adamlar susmaq üçün mövcuddular. Dünyanın müxtəlif ölkələrində müxtəlif hadisələr baş verir. Birmənalı olaraq belə hadisələrə dərhal hökumətin aidiyyatı qurumları münasibət bildirir, aydınlıq gətirir və s. Bu ölkədə isə iqtisadi, siyasi, kriminal və digər məsələlərə eyni adamlar münasibət bildirir.  Məsələn, bütün baş verənlərə bir qayda olaraq Əli Həsənov münasibət bildirir. Demək istəyirik ki, normal idarəçilik forması yoxa çıxıb.

Amma bir fakt da var və bütün səbəbləri bunda axtarmaq lazımdır. Təbii ki, Samir Şərifov, Elman Rüstəmov öz sahəsinin mütəxəssisidir. Amma bu ölkədə Samirlər, Elmanlar, Cahangirlər qiymətlərin qalxmasını, manatın ucuzlaşmasını və s. müəyyənləşdirmək iqtidarında deyil. Əminliklə demək olar ki, manatın bu vəziyyətə düşəcəyini, prosesin təhlükəli  səmtə yönəldiyini bu adamalar öncədən bilirdilər. Amma  Elmanlar, Samirlər və digərləri ölkənin bank və maliyyə sistemini qaydaya salmaq üçün yox, Prezident Aparatından gələn tapşırıqları yerinə yetirmək üçün lazımdılar. Sabah Elman Rüstəmov televiziyaya çıxıb  “manat əvvəlki vəziyyətinə qayıdacaq” vədini verə bilər. Necə ki, birinci devalvasiyadan öncə “manat sabit qalacaq” söyləmişdi.

Demək istəyirik ki, mətbuatda gecə-gündüz adı hallanan şəxslər fiqurlardı, icraçılardı. Sifariş verən ən başda oturanlardı. Bəlkə də normal bir hökumətdə Elman Rüstəmov, Samir Şərifov və digərləri lazımi addımları atar və məsələnin bu həddə gəlməsinin qarşısını alardı. Amma Azərbaycan kimi avtoritar, hisslərlə, hikkəylə idarə olunan ölkədə, problemlərin həllini başda oturanlar müəyyənləşdirir.

Bir daha təkrar edirik ki, ölkədə taleyüklü hadisə baş verib və heç kimdən səs çıxmır. Hamı danışandan sonra, hansısa sözçü qeyri-müəyyən açıqlama verir. Hamı yuxarıdan gələcək tapşırığı gözləyir ki, ona uyğun hərəkət etsin.

Istənilən halda bütün bu baş verənlərin məsuliyyəti ölkə başçısının üzərindədir. Çünki, uzun illər “ölkəmiz analoqsuz inkişaf edir”, “böhran bizə təsir etməz”, “manat sabit qalacaq” vədini verən ölkə başçısı olub. Ölkədə bir idmançının, bir müğənninin uğurunu, hansısa yeraltı keçidin açılışını da prezidentin əməyi kimi qiymətləndiriblər.  Cəmiyyətə göstərmək istəyiblər ki, bütün sahələrə cavabdeh olan, ucqarlardakı 100 metrlik yolun asflatlanmasını göstəriş verən prezidentdir. Ona görə də uğursuzluqların, faciələrin, səfalətin səbəbkarı da ölkə başçısı olmalıdır.

Ölkədə qanun işləmir, seçkili orqanlar təyinatlı orqana çevrilib, korrupsiya və monopoliya ən yüksək səviyyədədir, dünya ilə münasibətlər tamam pozulub və bütün bunlar ölkə başçısının gözü qarşısında baş verir. Digər tərəfdən illərdi hakim ailənin biznes imperiyası, müxətlif ölkələrdəki bahalı malikanələri, offşordakı pulları haqda müxtəlif araşıdırmalar ortaya qoyulur və bu faktlar təkzib edilmir.

Beləliklə, yürüdülən siyasət ölkəni uçuruma apardı və bunun yanlış olduğu dəfələrlə vurğulandı. Amma haqqı deyənlər,  həqiqi inkişafın yolunu göstərənlər, səhvlərə etiraz bildirənlər cəzalandırıldı, ləkənləndi, şər-böhtana məruz qaldı.

Ona görə də günahkar axtaranda bu mənzərəni kimin yaratdığını, bütün qurumların fomallaşmasına kimin töhfə verdiyini unutmayın. Baş hansı istiqaməti göstəribsə, ayaqlar da həmin səmtə doğru gedib. Məsuliyyəti ən başda oturan daşıyır.

Akif