İlham Əliyev ikinci neft akademiyasını niyə açır?

Dünən göz yaşlarına inanmaq istəyən, ən azı buna cəhd edən Moskva küçələrində baş tutan etiraz aksiyalarını izlədikcə ağlıma yalnız bu fikir gəldi: inqilab havası Moskvaya da gəldi, amma Ilham Əliyev öz elədiklərindən dönmür. Görəsən, bu özünəinamdır, yoxsa tarixə inamsızlıq?

Ümumiyyətlə, bu rejimin neft pullarının üzərində qurduğu təntənəyə heç bir ad vermək olmur. Yəqin ki, bu qədər saymamazlığı, belə böyük etinasızlığı Azərbaycan xalqı öz tarixində bir də görməyəcək.
Çoxunuzun məlumatınız var artıq,  Ilham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində dövlət müəssisəsi statusunda Bakı Ali Neft Məktəbi yaradılıb. Guya bu ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Onun fəaliyyətini ən yüksək standartlara uyğun təşkil etmək üçün inkişaf etmiş ölkələrin aparıcı elm və təhsil mərkəzləri ilə sıx əlaqələr yaradılması nəzərdə tutulub. Aşağıdakı suallar cavab istəyir:
– Bəs qocaman Neft Akademiyası nədir? Orada məgər kartofçuluq üzrə mütəxəssis hazırlayırlar?
– Neft Akademiyası bu işin öhdəsindən gələ bilmirsə, niyə gələ bilmir?
– Bu ikiqat xərclərə görə səlahiyyəti kim verib Ilham Əliyevə?
Yəqin ki, Neft Məktəbinə yeni bina da tikiləcək. Dünya standartlı təhsil adı verib, nələr xərclənməyəcək burada?!
Neft pulları bizdə əsl qətliam yaşayır. Pulun bu cür göyə sovrulmasını tarix görməyib. Bilirsiniz ki, ARDNŞ çoxdandır özünə yeni ofis binası tikir – 235 milyon dollara. 235 milyon dollar 185 milyon manatdır. 2011-ci il dövlət büdcəmizdə iri şəhərlərin xərcləri aşağıdakı kimi göstərilib (milyon manatla): Sumqayıt – 60, Gəncə 54,  Şəki 31, Lənkəran 30. Yəni bu 4 iri şəhərin 1 illik xərci 175 milyon manatdır, yəni bizim haqqında danışdığımız binanın xərcindən 10 milyon manat az.
Bu binada cəmi 2200 nəfər işləyə biləcək. Astanadakı «Asıl Tac» – «Emerald Tauers» 350 milyon dollara başa gəlib, 2010-cu ildə açılıb. 3 nəhəng bina-əkizdən ibarət olan bu kompleksdə 15 min adam işləyəcək. 15 min hara, 2200 hara. «Asıl Tac»ın 1 kv.metri 1250 dollara başa gəlib, ARDNŞ-in tikdiyi binanın 1 kv. metri isə 2300 dollara hazırlanmalıdır. Əgər əlavə xərc ayırmasalar.
7 may 2010-cu ildə Ilham Əliyev Kür daşqınlarına həsr olunmuş müşavirədə Bakının köçürülən ərazilərində əhalinin ödənilən pullardan narazılığını qınayaraq, Bakıda  ən bahalı binalarda 1 kvadrat metrin qiymətinin 1500-1600 manat olduğunu demişdi. Xatırladaq ki, bu, satış qiymətidir. Ora biznes adamları öz qazanclarını da əlavə ediblər. Deməli, həmin bahalı bina bundan az xərcə başa gəlib və 1 kvadrat metrin maya dəyəri 1500-1600 manatdan xeyli azdır. Üstəlik, onlar bina üçün torpaq sahəsini, icazəni xeyli baha alırlar. Dövlət bu xərcləri çəkmir, qiymətə satış qazancı da əlavə etmir. Onda Bakının ən bahalı yerində ən bahalı tikintinin 1 kvadrat metrinin 1500 AZN-dən xeyli aşağı qiymətə başa gəldiyini qəbul etməliyik. Tutaq ki, 1000 manata. Hətta ekspertlər bunun 600 manat ətrafında olduğunu deyir.  Bəs onda ARDNŞ-in binası niyə prezidentin dediyi satış qiymətindən də xeyli baha başa gəlir? Məsələn, 1 kv metri 1880 manata.
Məsələ ondadır ki, ARDNŞ-in ümumilikdə 70 min civarında işçisi var, Rusiyanın dövlət neft nəhəngi «Rosneft»in isə 150 mindən çox işçisi var, dövriyyəsi, hasilatı isə ARDNŞ-lə müqayisədə həddən artıq böyükdür. Amma «Rostneft» xeyli əvvəl 1499 nəfərlik mərkəzi aparatından əməkdaşların 10 faizini ixtisar edib. Üstəlik də, həmin aparat ARDNŞ-in indiki ofisi kimi əsrlik ömrü olan 4 mərtəbəli gözəl bir binada yerləşir.
Elə ARDNŞ-in də indiki binası olduqca gözəldir. Onun əlində ofis üçün çox sayda başqa binalar da var. Buna baxmayaraq, ARDNŞ fantastik qiymətə yeni ofis binası tikməli oldu. Çünki neft pulları var ortada. Indi isə ölkədə Dövlət Neft Akademiyası adlı bir ali neft məktəbinin olduğu halda, yeni Ali Neft Məktəbi də açılır. Səbəb eynidir – ortada neft pulları var. Xərcləmək lazımdır.