Qəzzafinin törətdiyi vəhşiliklər indi üzə çıxır

Liviya diktatoru ən azı 50 min adamı öldürtdürüb

Liviyada 42 illik hakimiyyətinə bu yaxınlarda son qoyulan Müəmmər Qəzzafinin törətdiyi vəhşiliklər barədə yeni-yeni məlumatlar üzə çıxır. Türkiyə mediasının yaydığı xəbərə görə, liviyalı nazir Əbdürrəhman Əl Kısa deyib ki, hər keçən gün ölkədə yeni kütləvi məzarlıqlar tapılır.
Onun sözlərinə görə, bu səbəbdən qarşıdurmalar nəticəsində neçə adamın həyatını itirdiyini müəyyənləşdirmək hələlik mümkün deyil. Ancaq təxmini hesablamalara görə, bu rəqəm 50 min civarındadır. Nazirin sözlərinə görə, yaralıların sayı da ən azı 25 min nəfərdir. “Əldə etdiyimiz sənədlərdən görürük ki, Qəzzafi dünyadakı bütün terror təşkilatlarını dəstəkləyirmiş. Afrikadakı vətəndaş müharibələrinin arxasında həmişə Qəzzafi dayanıbmış. Bir qarşıdurma olanda hər iki tərəfə də dəstək verər, tərəfləri bir-birinə qarşı qoyub, qırdırardı. Məsələn, Sudanın bölünməsini o, təmin etdi. Qəzzafi daha əvvəl ölsəydi, Sudan bölünməyəcəkdi. Önümüzdəki günlərdə görəcəksiniz, Qəzzafidən sonra Afrika, tarixində görmədiyi sabitliyə qovuşacaq”, – deyə nazir vurğulayıb.