«Mübariz Qurbanlı vətəndaşların siyasi və mülki hüquqlarının pozulmasını inkar edirsə, bu, onun psixi problemləri ilə bağlıdır»
«Islahatlara indi getmək lazımdır, sabah xalq ayağa qalxanda gec olacaq»
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı Ictimai Palatanın “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”nin hakim partiyaya daxil olmadığını iddia edir. Bu fikri M.Qurbanlı “Mediaforum” saytına açıqlamasında verib. Hakim partiyanın rəsmi formada heç bir sənəd almadığından, rəsmi formada da cavab vermədiyini vurğulayan M.Qurbanlıya görə, ümumiyyətlə, bu cür sənədə ehtiyac yoxdur. “Yol xəritəsi”ndəki tezislərin Azərbaycanın mövcud reallıqlarını özündə əks etdirmədiyini düşünən YAP funksioneri qeyd edib ki, Azərbaycanda vətəndaş həmrəyliyi, vətəndaş sülhü mövcuddur və siyasi motivlərlə həbs olunan yoxdur. Bundan başqa, M.Qurbanlıya görə, ölkədə eyni zamanda heç bir vətəndaşın mülkiyyət hüququ da pozulmur. Bu baxımdan M.Qurbanlı IP-nin sənədini, sadəcə olaraq, söz yığnağı adlandırıb.
IP Koordinasiya Şurasının üzvü, hüquqşünas Vidadi Mirkamal isə M.Qurbanlının fikirlərinin reallıqdan uzaq olduğunu bildirdi. Öncə IP-nin “yol xəritəsi”nin YAP-a rəsmi göndərilməsi məsələsinə aydınlıq gətirən V.Mirkamal qeyd etdi ki, sənəd I.Əliyevə – iki ünvana YAP-a və Prezident Administrasiyasına göndərilib. M.Qurbanlının səsləndirdiyi fikirlərin bir daha hakimiyyətin mahiyyətini nümayiş etdirdiyini deyən V.Mirkamal vurğuladı ki, ona görə YAP funksionerinin dediklərinə aydınlıq gətirmək, şərh vermək tamamilə mənasızdır: “Necə iddia etmək olar ki, ölkədə insanların siyasi və mülkiyyət hüquqları pozulmur. Mülkiyyət hüququ pozulan şəxslərin artıq neçə ildir ki, mübarizəsinin şahidiyik. Onlar Prezident Administrasiyasının, Milli Məclisin binası qarşısında dəfələrlə piketlər keçiriblər. Onların işləri hazırda məhkəmələrdədir. Bu cür reallıqları görməmək ondan xəbər verir ki, ya bu şəxslərin Azərbaycandan xəbəri yoxdur, ya da hər hansı mübarizə aparmağa istəkləri yoxdur. Görünən dağa bələdçi lazım deyil. Bütün dünya, cəmiyyətimiz hazırda ölkədə baş verənləri gözəl görür. Bircə Mübariz Qurbanlının bütün bunlardan xəbəri yoxdur. Görünür, bu, onun psixi problemlərinin olması ilə əlaqədardır. Hər bir insan öz səviyyəsinə uyğun olaraq ona ünvanlanan suala cavab verir. Görünür, Mübariz Qurbanlının da səviyyəsi budur. Hakimiyyət ölkədə baş verən hər şeyi inkar edir”.
Ölkədə zəruri islahatların aparılması ilə bağlı IP-nin hazırladığı sənədə başqa cür münasibətin bəslənməsini də gözləmədiklərini deyən V.Mirkamal vurğuladı ki, tanınmış ziyalılar, elm adamları, siyasətçilər, ekspertlər bir araya gələrək Azərbaycanın gələcəyi naminə sənəd hazırlayıblar. Bu sənədi Azərbaycanın dövlətçilik, milli maraqlarına uyğun sayan hüquqşünas qeyd etdi ki, sadəcə olaraq, Azərbaycan hakimiyyəti hazırda eyforiya vəziyyətində olduğundan reallıqları qəbul edə bilmir: “Bu insanların gözünü korrupsiya yoluyla yığdıqları tutub. Onlar ətrafda baş verənlərdən nəticə çıxarmırlar. Bizim irəli sürdüyümüz təklifləri, islahatları indi qəbul etmək lazımdır. Sabah bu addımı atmaq üçün gec olacaq. Çünki xalq ayağa qalxanda və bu islahatlara hakimiyyəti məcbur edəndə situasiya tam başqa cür olacaq. Ərəb dünyasında baş verən proseslər bunu göstərdi. Ona görə əminəm ki, yaxın zamanlarda Mübariz Qurbanlı kimi hakimiyyət yetkililəri bu islahatları müzakirə etmək üçün yalvaranda, artıq iş-işdən keçəcək. Bu zaman biz müzakirələrə getməyəcəyik”.
Hikmət