Utanmırlar! Oynamaqları da bundan

zumrud-yagmur-yeniZümrüd Yağmur

Ölkədəki durumu uzun-uzun təhlil etməyə gərək yox, hər şey göz qabağındadır. İllərdir bu ölkənin gələcəyi üçün rahatsız olan insanların az qala hər gün deyib yanğı ilə dilə gətdiyi günlər, ölkənin iflasla üz-üzə qalması artıq realdır.

Amma iş ondadır ki, ölkəni bu fəlakətə sürükləyənlərin tükü belə tərpənmir. Elə köhnə havanı çalıb, onunla da oynamağa israrlıdırlar. Bunu görüb düşünürsən ki, bunlarınkı ya utanmamaqdan doğan oynamaqdır, ya da elə bacardıqları budur.

Normalda nə baş verməli idi, bunu elə normal düşünən hər kəs bilir. İnkişaf etmiş ölkələrdə belə halın yarısının yarısı baş verəndə ordakı abırlı siyasətçilər istefaya gedir. Ən qısa yol budur, mən bacara bilmədim və kənara çəkilirəm mədəniyyət və ərdəmi sərgiləmək müasir siyasətin ən yayğın halıdır. Bunu Azərbaycan haqqında demək təbii ki, indiki halda gülməli görünür, çünki nə biz inkişaf etmiş dünyanın bir parçasıyıq, nə də bu ölkəni idarə edənlər o istefa mədəniyyətinə sahibdirlər.

Xalqa gəlincə, onun da belə bir gözləntisi, kültürü yoxdur.

İstefası, bir az iştahını söndürmək, rüşvəti azaltmaq, monopoliyanı qaldırmaq kimi vacib olanlar bir yana qalsın, dərd ondadır ki, ölkəni bu hala gətirənlər hələ də başbilənlik iddiasından və moizə oxumaqdan əl çəkmirlər. Ölkə xaos və fəlakətə sürüklənir və özləri də bu fəlakətin ardınca sürünənlərin indiki rahatlığını anlamaq bir az çətindir doğrusu… Ölkənin sərvətini xarici banklara yığıb nə zənn etdiklərini anlamaq çətindir. İndiyə qədər devrilən, ölkəsindən qaçmağa məcbur qalan despotların bircəciyinin bu yığdığı sərvəti ala bildiyi nümunəsinin olmadığını bilə-bilə indi də eyni inadla yığıma davam etmək cəhdi Allahın adamın ağlını almaq faktından başqa bir şey deyil.

Azərbaycan iqtidarındakı bu vurdum duymazlıq və səriştəsizlik, arxayınlıq ölkəni addım-addım cəhənnəmə yaxılaşdırırkən iqtidar sözcülərinin verdiyi açıqlamalar adamın ən yaxşı halda köks ötürməsinə səbəb olur. Büdcəni neftdən asılı vəziyyətə salıb məhv edənlərin hələ də bu işdə erməni barmağı, düşmən hiyləsi, Qərb düşmənciliyi axtarışı nə qədər gülüş doğurursa, o qədər də acımaq hissi yaradır. Bu insanları nə vaxta qədər özlərini bu qədər güclü zənn edə-edə erməninin, Qərb xortdanlığının, xəyalı düşmənin arxasında gizlənməyi özlərinə sığışdıracaqlar?

Özünü bu qədər həşəmətli və böyük, güclü zənn edəsən, xalqını əzib adi sözdən, həqiqətdən bu qədər çəkinəsən, sonra da arxada gizlənib, mən etmədim, erməni, Qərb etdi” deyib yalana möhtac qalasan…

Adətən uşaqlar çətinə düşəndə ağlayıb problemlərini bununla həll etməyə çalışırlar. İndi Azərbaycanın odda yanmaz-suda batmaz iqtidarı da manatla birgə islandığının fərqinə varan kimi yenə başlayıb ağlamağa ki, vay aman, məni erməni isladıb.

Erməni kimdir? deyə-deyə düz 20 ildir bu erməninın arxasında gizlənənlərin görəsən gün işığına çıxıb öz kimliklərini görəcəkləri vaxtı görmək bizə nəsib olacaqmı?

Manat ölür, sanksiyalar qapıda, iqtidardakı başbilənlərsə çıxıb deyir ki, elə yaxşı olar, ABŞ məmurlara sanksiya tətbiq etsin. “Nəyimizə lazım ABŞ-a getmək. İstirahəti ölkədə edərlər, xeyiri də ölkəyə qalar”. Bu qədər naşı açıqlama kimə və nəyə hesablanıb? Məgər o sanskisiyalar sizin istirahətinizi əngələmək üçündür, cənablar? Ölkə iqtisadiyyatı, siyasəti elə sizin xaricdə qurduğunuz şirkətlərdən, etdiyiniz istirahətdən, aldığınız villalardan ibarətdir? Ölkəni dünyadan tədric etməyinizi, siyasi səfər və iqtisadi əlaqələrin kəsilməsinin bu ölkəyə vuracağı ziyanı kim deyib dilə gətirəcək? Özünüzü niyə bu qədər dünyanın üstünə çıxarıbsınız? Ölkəni sanksiyalarla üzə-üzə qoyub, heç nə olmamış kimi, “nə olacaq, ABŞ bizə uzaqdır, nəyimizə lazımdır oraya getmək?” kimi sözlərlə güya soyuqqanlı görünüb sadə insanları aldatdınız, bəs bu sanksiyaların nə olduğunu anlayanların qarşısında özünüzü necə siyasətçi hiss edə bilirsiniz, bunu heç düşündünüzmü?

Nədir sizi bu qədər arxayın və arsız edən? Bəlkə illərdir başında qoz qırıb hər dəfə də susqunluqla cavab aldığınız xalq?!

Bu qədər də arxayın olmayın cənablar, hərdən əl-qolunuz aşağı salıb oynamağa ara verin və düşünün – mütləq və əbədi olmadığınızı…