Çingiz Qənizadə: «O, ictimaiyyəti çaşdırmaqda davam etsə, əsassız ittihamlar səsləndirsə, məhkəməyə müraciət edəcəm»
“Mən fikrimdə qalıram, əgər Eynulla Fətullayev ictimaiyyəti çaşdırmaqda davam etsə, məhkəməyə müraciət edəcəm”. Bu sözləri “Azadlıq”a açıqlamasında deputat Çingiz Qənizadə tanınmış jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevin ittihamlarına cavab olaraq bildirib.
Xatrıladaq ki, Eynulla Fətullayev bir müddət əvvəl Çingiz Qənizadənin mandat alması ilə bağlı ilginc faktın üstünü açıb. Jurnalist bildirib ki, Çingiz Qənizadə Prezident Administrasiyasında onun əleyhinə hazırlanan məqaləyə imza qoyduğuna görə mükafatlandırılıb. Lakin deputat bu ittihamı əsassız adlandıraraq Eynulla Fətullayevi məhkəməyə verəcəyini bildirib. Bundan sonra jurnalist Çingiz Qənizadə ilə bağlı Ağdaşda baş vermiş zorakılıq aktını araşdırmağa məcbur olacağını bəyan edib.
Deputat isə iddia edir ki, Eynulla Fətullayev ictimaiyyəti çaşdırmaq üçün bu tip açıqlamalar verir: “Bir qədər tədbirlərə başım qarışıb. Mən onun son açıqlaması ilə bağlı da araşdırma aparacağam. Mən Milli Azadlıq Hərəkatının fəalı olmuşam. Aksiyalarda döyülmüşəm, həbs edilmişəm. Zorakılığa məruz qalmışam. Ola bilər hansısa rayonda da fəaliyyətimlə bağlı eyni halla üzləşmişəm. Mən bilmirəm Eynulla Fətullayev açıqlaması ilə nə demək istəyir. Lakin bu məsələ ilə ciddi məşğul olacam və əgər Eynulla Fətullayev ictimaiyyəti çaşdırmaqda davam etsə, əsassız ittihamlar səsləndirsə, məhkəməyə müraciət edəcəm”.