TQDK ləğv olunmalıdırmı?

nabateli-qulamogluNabatəli Qulamoğlu

Moderaator.az saytında “Artıq Məleykə Abbaszadənin tutduğu postla vidalaşmaq vaxtı çatıb” adlı araşdırma (əgər belə demək mümkünsə)  yazı dərc edilib(http://moderator.az/news/113093.html). Məqalə müəllifi müxtəlif təhsil ekspertlərindən aldığı rəylərə əsaslanaraq belə bir nəticəyə gəlib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını ləğv etmək lazımdır.

Deyəsən, MTN əhvalatı və manatın dəyərdən düşməsi susan dilləri açmağa başlayıb. Vaxt vardı, biz deyəndə ki, TQDK- nın fəaliyyəti şəffaf deyil, başqalarının çənəsi əsirdi. Bəziləri də bizi məhkəmələrlə qorxudurdular, çünki  yaxşı bilirdilər ki, TQDK haraya bağlıdır, kimin qeyri- rəsmi kurasiyasındadır.  Biz bir neçə ildir ki, testləri araşdırmaqla müəyyən etmişik: testdənkənar qəbul prosesinin olduğuna ciddi ehtimallar  var. Aşağıda qeyd edəcəklərimiz bu ehtimalların sayını daha da artırır.

  1. Aparılan yoxlamalar zamanı məlum olmuşdur  ki, bir sıra nüfuzlu fakültələrin 1- ci kursunda oxuyan bəzi tələbələrin  bilik səviyyəsi çox aşağıdır.
  2. Əli İnsanov məhkəmədə  TQDK-nı hakimiyyətin donoru adlandırmışdı.
  3. Elşad Abdullayevin yaydığı vidogörüntülər də açıq- aydın sübut edirdi ki, qəbul prosesində korrupsiya halının olması istisna deyil.
  4. Hətta hakimiyyətin qeyri- rəsmi sözçüsü F. Ağamalı  qəbul prosesində korrupsiya hallarının olduğunu bildirmişdi.
  5. Diqqət çəkən məqamlardan  biri də bu idi ki,  vaxtilə TQDK-da işləmiş, lakin korrupsiya hallarını araşdrmağıın vacibliyini   sədrin diqqətinə çatdıran proqramçı Fərman Abdullayev tutduğu vəzifədən azad edilmişdi. İki il bundan qabaq Azadlıq radiosunun verilişində F. Abdullayev qəbul prosesinin proqram mexanizmini təqdim etdi və sübut etdi ki, TQDK istənilən abituriyentin müsabiqə balını artıra və azalda bilər. Proqramçı mütəxəssis eyni zamanda prosesin şəffaf keçirilməsi  üçün proqram təklif etdi. Bu proqrama əsasən, istənilən maraqlı şəxs qəbul prosesinin gedişini virtual şəkildə izləyə bilər. Təklif heç bir maliyyə vəsaiti tələb etməsə də, TQDK tərəfindən qəbul edilmədi. “Nə üçün” ü özünüz müəyyən edin.

Bütün bunlara baxmayaraq, yuxarıda söylədiklərim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilməsinə əsas vermir. Niyə?

Məhərrəm Zülfüqarlıya istinad edən yazı müəllifi  söyləyir ki, dünyanın sivil  ölkələrində qəbul prosesini ali məktəblər aparır. M. Zülfüqarlının siyasi kimliyini bir tərəfə qoyuram (sirr deyil ki, o,  AVCİYA- nın rəhbəridir və başlıca missiyası saxta seçkilərə saxta müşahidəçilik etməkdir; haqqında korrupsiya qalmaqalı mətbuatı başına götürmüşdü;  təşkilatın maliyyə mənbələri şəffaf deyil və s.).  Azərbaycanın  ali məktəbləri (Xəzər və Qafqaz universitetləri istisna olmaqla) tələbə qəbulunu həyata keçirmək iqtidarında deyil. Səbəblər:

1.Azərbaycanda ali məktəblər müstəqil deyil, siyasi hakimiyyətdən asılıdır.

  1. Azərbaycanda ali məktəblərin avtonom hüquqları yoxdur və onlar müstəqil şəkildə qərar qəbul edə bilmirlər.
  2. Xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda ali məktəb rektorlarını ölkə Prezidenti təyin edir.
  3. Azərbaycanda ali məktəblər korrupsiyaya qurşanıb.
  4. Azərbaycan ali məktəbləri beynəlxalq reytinq cədvəllərində çox aşağı yerləri tutur.

Bütün bunları bilə- bilə niyə ekspertlər belə qərara gəliblər- anlamıram. Reallıq budur:  rəylər saxtalaşdırılıb. Ilk olaraq təhsil üzrə mütəxəssis Nadir İsrafilovla əlaqə saxladım. Ekspert bildirdi ki, onun dedikləri həmin məqalədə öz əksini düzgün tapmayıb.  Sonra isə tanınmış alim Ş. Əsgərova zəng etdim və bildirdim ki, onun adından  istifadə edib Qəbul Komissiyasını   Təhsil Nazirliyinə tabe etmək üçün cəhdlər edilib.  Şahlar müəllim bunları dedi:”Mən TQDK-nın fəaliyyətini madalın iki üzü kimi qiymətləndirirəm. Bir üzünə görə onlara mükafat , digərinə görə isə cəza verilməlidir”.

Şahlar müəllimin fikrinin açması belədir: hər bir abituriyentə  qəbul imtahanında öz biliyini nümayiş etdirmək imkanı verilir, lakin abituriyentlər üçün  rəqabət mühiti şəffaf təşkil edilmədiyindən onlar layiq olduqları yerə düşə bilmirlər. Bizim də davamız bundan ötrüdür.   İstəyirik ki, tələbə qəbulunun qaranlıq məqamlarına işıq gətirilsin, bu işdə günahı olan şəxslər cəzalandırılsın. Bundan ötrü Qəbul Komissiyasını ləğv etməyə nə ehtiyac var?           TQDK- nın Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi ideyası avantüradır. Bu qurumun missiyası fərqlidir. Belə ki, Təhsil Nazirliyi  təhsil prosesini həyata keçirən qurumdursa, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 1- cinin fəaliyyətinə qiymət verəndir. Təhsil Nazirliyi məhz bu qiymət əsasında gələcək fəaliyyətində korrektələr edir. Hələlik  təhsilin inkişafı məhz bu iki qurumun dialektik əksiliyinə söykənir. Amma o fikirdən uzağıq ki, TQDK əbədiyaşar qurumdur. Nə vaxt Azərbaycanda normal cəmiyyət yaransa, ali məktəb müəssisələrinə müstəqillik verilsə  və bu təhsil ocaqları öz maraqları ilə tələbələrin maraqları arasında ortaq nöqtə tapsa, təbii ki, universitetlər özləri tələbəni axtaracaqlar. Belə olduqda TQDK mənasız  bir quruma çevirilib tarixin arxivinə getməli olacaq.