Qəzetin Təhqiqat Qrupu jurnalistə edilən zəngin ünvanını tapdı
Fəaliyyəti dayanmış “Xural” qəzetinin redaktoru, yeni nəşrə başlayan “ASI” qəzetinin təsisçisi, “Azadlıq” qəzetinin köşə yazarı Anar Mahmudoğlu və onun övladları ölümlə hədələnib.
Bu barədə “Azadlıq”a Anar Mahmudoğlu özü məlumat verib. Onun sözlərinə görə, hadisə dekabrın 6-da saat 12:54-də baş verib. Jurnalistin mobil telefonuna 012-514-28-67 nömrəli telefondan zəng edən naməlum şəxs onu və övladlarını öldürməklə təhdid edib. “Sən son zamanlar qudurmusan! Çox sərt yazırsan! Səni tikə-tikə doğrayacağıq. Bağırsaqlarını çölə tökəcəyik”, – deyə naməlum şəxs jurnalisti hədələyib. A.Mahmudoğlu cavabında “Əcəb edəcəksiz” deyib. Bundan sonra zəng edən naməlum şəxs jurnalistin övladları barədə məlumatlı olduqlarını, qızının hansı məktəbdə oxuduğunu, saat neçədə və hansı maşınla məktəbə getdiyini bildiklərini deyib.
A.Mahmudoğlunun telefonuna edilən zəngdən beş dəqiqə sonra, saat 12:59-da eyni nömrədən “Xural” qəzetinin redaktoru Nurəddin Xocanın mobil telefonuna zəng edilib. Naməlum şəxs N.Xocanı kobud ifadələrlə təhqir edib və hədələyib. Hədənin motivi “Xural”çıların “ASI” adlı yeni qəzet buraxmağa başlamaları olub.
A.Mahmudoğlu zəng edən şəxsin səsinə görə orta yaşlı kişi olduğunu güman edir. O, Azərbaycan ədəbi dilində danışıb. Eyni nömrədən N.Xocaya zəng edən şəxs də səsinə görə orta yaşlarda təsəvvür olunur. Lakin o, Naxçıvan ləhcəsi ilə danışıb.
Baş vermiş hadisə ilə bağlı A.Mahmudoğlu dərhal Daxili Işlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verib. Bundan sonra A.Mahmudoğlu hadisə ilə bağlı Nərimanov rayon Polis Idarəsinin 18-ci polis bölməsinə dəvət edilib və izahat alınıb. Polis Bölməsindən operativ təhqiqat qrupunun yaradıldığı bildirilib. Məlum olub ki, zəng “taksofon”dan edilib və Təbriz küçəsi 1 ünvanında yerləşir.
Ötən gün “Azadlıq”ın Təhqiqat Qrupu sözügedən ünvana baş çəkib. Ərazidə “taksovatlıq” edən sürücülərlə söhbət zamanı məlum olub ki, sonuncu dəfə ərazidə iki il öncə “taksafon” olub. A.Mahmudoğlu 18-ci polis bölməsiylə yenidən əlaqə saxladı. Oradan bildirdilər ki, “taksofon” metronun “Nərimanov” stansiyası yaxınlığına keçirilib. Bu dəfə də deyilən ünvana yollandıq. Polis bölməsinin rəisi və müstəntiqlə ərazidə olan bir neçə telefon obyektini yoxladıqdan sonra jurnalisti hədələyən telefonu tapa bildik. Məlum oldu ki, zəng “Nərimanov” kinoteatrının yaxınlığında olan “taksofon”dan edilib. Yaxınlıqda AFBank adlanan bank var ki, ərazidə olan bütün işləri kameraya alır. Bundan əvvəl metronun üstündə də kamera var. Əraziyə baxış keçirtdikdən sonra yenidən polis bölməsinə getdik. Protokol tərtib edildi. Bölmədən həmçinin o da bildirildi ki, qeyd olunan ərazi Nərimanov rayon Polis Idarəsinin 17-ci polis bölməsinə baxır. Işi bundan sonra bu bölmə aparacaq.
“Xural” qəzetinin kollektivi hesab edir ki, A.Mahmudoğlunun və N.Xocanın təhdid edilməsi qəzetə qarşı aparılan təzyiqlərin davamıdır. “Xural” qəzetinin kollektivinin “ASI” qəzetini nəşr etməsi siyasi hakimiyyətin və Əvəz Zeynallını həbs etdirən dairələrin narahatlığına səbəb olub.
Bundan əvvəl “Xural” qəzetinin əməkdaşı Kamran Zamanlı nömrəsiz avtomobilin təqibinə məruz qalıb. K.Zamanlı təqibdən polis bölməsinə getməklə xilas olub. Hadisə ilə bağlı “102” xidmətinə məlumat verilib. Hadisə ilə bağlı 18-ci polis bölməsində bir aydan artıqdır təhqiqat aparılsa da, hələlik nəticə yoxdur.
Bundan başqa, N.Xocanın avtomobili bir dəfə nömrəsiz “Kamaz” markalı maşın tərəfindən vurulub, daha sonra Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi yerdə səkidə dayanarkən küt alətlə dağıdılıb. N.Xocaya zəng edən şəxslər onu Ə.Zeynallının müdafiəsindən əl çəkməyəcəyi təqdirdə başına oyun acacaqları ilə hədələyiblər.
Bu hədə və təzyiqlərlə bağlı Daxili Işlər naziri Ramil Usubova edilən müraciətə də bu vaxta qədər cavab verilməyib.
Ramin DEKO