AFFA-da əlbəyaxa dava

Hakimin atası klubun vitse-prezidentini iclasda döydü

AFFA Intizam Komitəsinin dünənki iclasında dava düşüb. Hakimlərin və Peşəkar Futbol Liqasının operatorlarının döyüldüyü “Turan” – “Qarabağ” oyununun müzakirəsi qalmaqalla müşayiət olunub.
Bu barədə “fanat.az” idman portalının yaydığı məlumatda bildirilir ki, döyülən hakimlərdən birinin – yan xətt hakimi Coşqun Həsənovun atası Qürbət Həsənov “Turan”ın vitse-prezidenti Nail Nurəddinoğlunun üstünə hücum çəkib. Həsənov klub rəsmisini hakimlərin döyülməsini təşkil etməkdə günahlandırıb. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb. Həsənov “Turan” rəsmisinə bir neçə zərbə endirib.
Qeyd edək ki, Qürbət Həsənov hadisə baş verən gün də yaşanmış olaylara görə “Turan”ın prezidenti Musa Süleymanov və vitse-prezident Nail Nurəddinoğlunu ittiham etmişdi: “Məncə, bütün bunlar əvvəlcədən qurulmuş bir ssenaridir. Bu ssenarinin başında Musa Süleymanov və Nail Nurəddinoğlu dayanır. Habil Aslanov Nail deyilən vitse-prezidentin mühafizəçisidir. Bu işin icraçısı da Nail Nurəddinoğludu ki, o, hakimlərin döyülməsi üçün açarı həmin şəxslərə verib. Onlar da hakimlərdən əvvəl otağa daxil olaraq, orada gizləniblər. Bütün bunlara görə məsuliyyəti klub daşıyır. Mənə elə gəlir ki, burada polis əməkdaşlarının da günahı var. Yəqin, onlar da klub rəhbərliyindən belə təlimat alıblar ki, oyun başa çatan kimi stadionu tərk ediblər”.
Qeyd edək ki, dünənki toplantıda “Turan”ın növbəti iki ev oyununu neytral meydançada keçirməsi və klubun 10 min manat cərimələnməsi barədə qərar qəbul olunub. Bundan başqa, Peşəkar Futbol Liqasının kamerasının sındırılmasıyla əlaqədar Tovuz klubu adıçəkilən qurumun təqdim edəcəyi hesab əsasında ödəmə eləməlidir.