Stansiyanın keçidində ticarətlə məşğul olanlar dükanların əllərindən alınıb başqalarına satılacağından narahatdır
Metronun “Inşaatçılar” stansiyasının keçidində olan dükanların bir qismi sökülür. Redaksiyamıza daxil olan bu xəbərlə əlaqədar ötən gün sözügedən ünvanda olduq. Həmin vaxt keçiddəki satış obyektlərinin bir hissəsini boşaldırdılar.
Satıcılarla söhbətdən məlum oldu ki, obyekt sahiblərini təmir adıyla müvəqqəti istirahətə göndərirlər: “Bizə söz verilib ki, qayıdandan sonra daha səliqəli yerdə işləyəcəyik”.
Başqa bir satıcıdan isə eşitdik ki, keçiddəki satış obyektlərinin boşaldılan bir hissəsi təmir olunandan sonra təmir növbəsi yerdə qalan o biri hissəyə çatacaq. Maraqlıdır ki, satıcı təmir adıyla boşaldılan dükanların sonradan sahiblərinə qaytarılacağına inanmır. Fikrini də belə izah edir: “Dəfələrlə belə şeylər olub. ”Nərimanov”da və başqa stansiyaların keçidlərində dükanlar boşaldılıb və sahiblərinə qaytarılmayıb. Buradakı əksər dükanları alıblar. Metropoliten rəhbərliyinə aylıq kirayə haqqı ödənilir. Təmir ediləndən sonra daha baha qiymətə başqalarına satacaqlar”.
Öyrəndik ki, “Inşaatçılar”da 28 obyekt təmir adıyla sökülür. Satıcılar mallarını maşınlara daşıyarkən bir şəkil çəkmişdik ki, polislər başımızın üstünü kəsdirdi, onlarla getməyi tələb etdi.
Polislər azmış kimi, özünü Novruz kimi təqdim edən metropoliten işçilərindən biri də fotoaparatdan şəkilləri silməyi tələb edirdi. Bildirdi ki, metro dövlət əhəmiyyətli obyekt olduğundan orada çəkiliş aparmaq olmaz. Haqlı olduğumuzu ən müxtəlif arqumentlərlə onlara sübut eləməyə çalışsaq da, başa düşmədilər və ya düşmək istəmədilər.
Jurnalist vəsiqəsini alıb, qeydiyyat apardılar. Daha sonra metropoliten rəhbərliyindən Kamal adlı şəxslə əlaqə yaradıb, məsələni məruzə etdilər. Kamal müəllim bizimlə də danışdı və o da çəkilişə icazə olmadığını söylədi. Bu yerdə onun nəzərinə çatdırdıq ki, internetdə metronun keçidindəki dükanların çoxlu sayda fotoşəkillərini görmək olar. Amma rəis müavini də fikrindən dönmədiyi üçün fotoaparatdakı şəkil silindi.
“Camaatın o qədər problemi var ki… Gedin, onlardan yazın. Evləri əllərindən alınanların, hüququ tapdananların dərdindən yazın…”, – deyə metropoliten işçisi sonda bizə məsləhət verməyi də yaddan çıxarmadı.
Biz də öz növbəmizdə onun nəzərinə çatdırdıq ki, “Azadlıq” cəmiyyəti narahat edən bütün problemlərə diqqət yetirir. Sadəcə, qəzet oxumaq lazımdır…
Ramin DEKO


