Tiraj da artırıldı, qəzetlərə veriləcək qrant da
Dünən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Iclasın gündəliyinə “2012-ci ilin I yarımili üçün KIV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi” və “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək tədbirlərin müzakirəsi” salınıb.
Fondun icraçı direktoru Vüqar Səfərli KIV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının şərtlərinin 2009-cu ildə hazırlandığını, ötən üç ildə ölkə mətbuatının müəyyən inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Fondun icraçı direktoru bildirib ki, indiyədək maliyyə müsabiqəsində iştirak üçün qəzetlərin tirajının 1500, dövriyyəsinin isə 500 ədəd olması şərt kimi qoyulmuşdur. Ötən 3 ildə dövlət qayğısı nəticəsində ölkə mətbuatının maddi-texniki bazasının möhkəmləndiyini diqqətə çatdıran Vüqar Səfərli bununla əlaqədar müsabiqə elanının hazırkı şərtlərində müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurətini Şura üzvlərinin diqqətinə çatdırıb.
Müşahidə Şurasının üzvü Əflatun Amaşov çıxışında Fonddan böyük məbləğdə maliyyə dəstəyi alan ölkə qəzetlərinin tirajının və yayım imkanlarının ötən 3 ildə yüksəldiyini, problemlərinin böyük qisminin həllini tapdığını vurğulayıb. Şura üzvü bununla əlaqədar Fondun maliyyə müsabiqəsinə iştirak edəcək qəzetlərin tirajının 1500-dən 2000-ə, gündəlik yayımının isə 500-dən 750-yə qaldırılmasını təklif edib. Onun sözlərinə görə, bu addım əslində qəzetlərin inkişafına və onların məsuliyyətinin daha da artırılmasına xidmət edir.
Müşahidə Şurasının digər üzvləri çıxışlarında 2012-ci ilin dövlət büdcəsində Fonda ayrılmış maliyyə vəsaitinin artdığını nəzərə alaraq qəzetlər üçün nəzərdə tutulan maliyyə yardımının maksimal həddinin 40 min manatdan 50 min manata qaldırılmasını təklif ediblər.
Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunmuş bu və digər dəyişiklikləri yekdilliklə qəbul edib.
Gündəlikdə olan ikinci məsələyə toxunan Fondun icraçı direktoru Vüqar Səfərli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Il münasibətilə jurnalistlər üçün bayram tədbirinin keçirilməsi təklifi ilə çıxış edib. Müşahidə Şurasının üzvləri bu təklifi də yekdilliklə dəstəkləyib.


