ABŞ-ın dövlət katibi Hillari Klinton Litvaya səfəri çərçivəsində Belarus müxalifətinin liderləri ilə də görüşəcək. Hüquq müdafiəçisi Eynulla Fətullayevin sözlərinə görə, görüşdə Azərbaycanla da bağlı məsələ müzakirə olunacaq:
“Xanım Klinton Belarusun 7 müxalifət partiyasının rəhbəri ilə görüşəcək. Həmin partiyalarda təmsil olunan dostlarımız mənə zəng edərək bildirdilər ki, fürsətdən istifadə edib Azərbaycanla da bağlı hansısa məsələni Klintona çatdıra bilərlər. Mən də bildirdim ki, Azərbaycanda əsasən 2 problem – siyasi məhbuslar və mülkiyyət pozuntuları aktualdır. Siyasi məhbus problemi dünyada kifayət qədər yayılıb deyə, mən ikinci problemi qaldırmağı xahiş etdim. Konkret olaraq isə Zülfüqarlı qardaşlarının işini Klintonun diqqətinə çatdırmağı xahiş etdim. Çünki bu işdə misli görünməmiş qanunsuzluqlar var”.
Zülfüqarlı qardaşlarının işi ilə bağlı beynəlxalq kampaniyaya başladıqlarını deyən E.Fətullayev bu addımı da, həmin kampaniyanın tərkib hissəsi hesab edir.