Kəmaləddin Heydərov sakinləri pul ödəmədən çölə atır

«Fövqəlnazir» şəhərin mərkəzində 100-dən çox ailəni köçürüb şəhərdən kənarda mənzil verir

Xalimə Məmişova: «Mənə kompensasiya verilməsə, intihar edəcəm»

 

Nərimanov rayonu, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən (5 nömrəli xəstəxana ilə üzbəüz – red.) ikimərtəbəli, 7 korpusdan ibarət binadan üçü sökülür. Səbəb isə ərazidə 12 mərtəbəli binanın tikilməsidir. Sözügedən ünvan 1 hektardan çox ərazini əhatə edir. Burada hər korpusda 8 ailə yaşayır ki, bu da ümumilikdə 56 edir. 400-dən çox insanın məskunlaşdığı ərazini fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq” zəbt etmək niyyətindədir. Işi icra edən isə Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar Ibadovdur. Şirkət əvvəlcə sözügedən ərazidəki 1, 2 və 7-ci korpusları və həyətyanı sahələri ələ keçirib. Bu isə bir hektarlıq yerin 60 sotudur ki, burada 24 ailə yaşayır. “Gilan Holdinq” əvvəlcə bu 24 ailəni köçürməyi planlaşdırır. Sakinlərə iki ay öncə bir illiyə başqa ünvana köçməyi məsləhət görmüşdülər. Yəni vətəndaşlar bir il ərzində başqa ünvanda kirayədə qalmalı, 12 mərtəbəli bina tikiləndən sonra əvvəlki evlərindən 35% daha böyük mənzillə təmin olunacaqlar. Onlar bazar qiymətlərinə uyğun kompensasiya tələb edirlər. Mənzillərin hər kvadrat metrinə görə 3 min, qeyri-yaşayış obyektləri üçün 6 min manat kompensasiya istəyirlər.

Sakin Xalimə Məmişovanın 7-ci korpusda 120 kvadratlıq yaşayış evi, 100 kvadratlıq üç obyekti var. Onun himayəsində 10 nəfərlik ailə üzvü var: “Biz məcburi köçkünük. Anam birinci qrup əlildir. Insanlarla niyə belə rəftar edilir? Mənə 960 min manat kompensasiya ödənilməlidir”.
X.Məmişovanın sözlərinə görə, icra başçısının müavini onlara deyib ki, evinizdən çıxmasanız zorla köçürüləcəksiniz: “Dubinka ilə bizi hədələdi. Bir neçə gün keçəndən sonra gəlib ərazini hasarlamaq üçün dəmir basdırdılar. Səs-küy saldıq çıxıb getdilər. Şahmar Ibadov deyir ki, burada binanı ”Atlant” tikir. Səhərisi isə tikinti işlərinin “Azəri Trans” MMC-nin səlahiyyətində olduğunu söyləyir. Çalışırlar ki, bu işdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı hallanmasın. Halbuki hər iki tikinti şirkəti “Gilan Holdinq”ə məxsusdur. Ola bilsin, onlar nazirin adından sui-istifadə etsinlər. Bura böyük miqdarda pul ayrılıb, ancaq sakinləri aldadıb başqa ünvanlara göndərmək niyyətindədirlər”.
X.Məmişova bizimlə söhbətində onu da qeyd etdi ki, yaşadıqları ünvanda dövlət əhəmiyyətli obyekt tikilməyəcək: “Yalandan deyirlər ki, dövlət əhəmiyyətli obyekt tikilir. 12 mərtəbli yaşayış binası nə vaxtdan dövlət əhəmiyyətli oldu? Hətta dövlət əhəmiyyətli olanda belə bazar qiymətlərinə uyğun kompensasiya ödənilməlidir. Onlar isə bunu etmək istəmirlər. Çünki yaşadığımız yer şəhərin mərkəzindədir. Tikəcəkləri binanı yaxşı qiymətə sata biləcəklər. Ona görə insanları incidirlər. Mülki Məcəllədə də yazılıb ki, hər bir vətəndaş istədiyi yerdə yaşaya bilər. Yəni, seçim öz əlimizdədir. Ancaq bunlar bizi məcburən kirayə mənzil axtarmağa sövq edirlər. Məni evimdən zorla çıxartsalar, intihar edəcəyəm”.
Bizim bir tələbimiz var: “Mənzillərin hər kvadrat metrinə görə 3 min, dükanlar üçün isə 6 min manat kompensasiya ödəsinlər. Bu məbləğ verilməyəcəyi təqdirdə evimizdən çıxmayacağıq”.

Ramin DEKO