muzeffer baxis

Hacı Məmmədovla bağlı cinayət işi yenilənəcəkmi?

muzeffer baxis

«Qara kəmər»in «qəhrəmanı» bu barədə aidiyyəti qurumlara müraciət edib

Müzəffər Baxışov: «Araşdırma nəticəsində vəzifəli şəxslərin də məsuliyyətə cəlb edilməsi mümkünləşə bilər»

Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsinin sabiq baş əməliyyat müvəkkili, ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov yeni vəkili ilə görüşüb. Bu barədə Trend-ə vəkilin özü məlumat verib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin xahişi ilə onunla görüşüb və H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi ilə bağlı müzakirə aparıb.

Vəkil H.Məmmədovla görüşdən sonra cinayət işinin yenilənməsi barədə aidiyyəti qurumlara müraciət edib.

Xatırladaq ki, Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.ÿ

H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın Idarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra H.Məmmədov işin yenidən araşdırılması və hazırda həbsdə olan Z.Nəsirovun azadlığa buraxılması üçün yeni vəkil tələb edib.

Xatırladaq ki, mütəşəkkil dəstənin bütün üzvləri və general Z.Nəsirov məhkəmə hökmündən sonra cəzaçəkmə müəssisələrinə köçürülsə də, H.Məmmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində saxlanlır.

Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, bu işin məhkəməsi və ibtidai istintaqı zamanı obyektiv araşdırma aparılmayıb. Müzəffər bəyə görə, H.Məmmədov və onun bandasının törətdiyi cinayət işi üzrə çoxlu sayda vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır: “O zaman zərərçəkmişlərdən səhv etmirəmsə, Nəsibov soyadlı şəxs həmin hadisələrin Hacı Məmmədov tərəfindən törədilməsi barədə baş prokuror, onun birinci müavini Ramiz Rzayev və prokurorluğa istintaqa nəzarət idarəsinin rəisi Rüstəm Usubovun iştirakıyla qəbul edilmişdi. O, qəsdən adamöldürmə cinayətlərinin Hacı Məmmədov tərəfindən törədilməsi barədə dəqiq və dürüst məlumat vermişdi. Baş prokurorluqdan qəbuldan çıxandan sonra bu şəxs qətlə yetirilmişdi. Yəni, burdan belə məntiq hasil olur ki, o, Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib. Məntiqi nəticə budur ki, baş prokuror Zakir Qaralov, birinci müavin Ramiz Rzayev və prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi, hazırda Baş Prokurorluğun birinci müavini Rüstəm Usubov da həmin cinayət işində cinayət məsuliyyətinə cəlb edilməlidir. Təəssüf ki, onlar bu məsuliyyətdən kənarda qalıb cəzalandırılmadılar.  Həmin cinayət işi üzrə guya avtonəqliyyat və yol-hərəkəti qaydalarının pozulması nəticəsində qətlə yetirilmiş şəxslər barəsində məhkəmə ekspert rəyi oldu. Hacı Məmmədov onları köhnə ”Jiquli-01″ markalı maşında “Qurd qapısı”ndan aşağı buraxırdı ki, guya onlar avtomobil qəzası nəticəsində həlak olub. Yəni çoxlu sayda şəxslər və vəzifəli şəxslərin adı keçirdi. Vəzifəli şəxslərin əksəriyyəti də cinayət məsuliyyətindən kənarda qaldı. Mən bir vətəndaş kimi düşünürəm ki, Hacı Məmmədovun Zakir Nəsirov barəsində verdiyi ifadələrin heç biri həqiqətə söykənmirdi. Sadəcə olaraq o vaxt müəyyən sifarişlər nəticəsində digər vəzifəli şəxsləri də bu cinayət işinə bulaşdırmaq istəyirdilər.

Bu məsələnin araşdırılması üçün yalnız bir institut var ki, o da yeni açılmış hallar üzrə icraatdır. Yeni açılmış hallar üzrə icraatın tələblərinə uyğun olaraq bu məsələdə Cinayət Prosessual Məcəllənin 461-ci maddəsinə isnad etmək olar. Hacı Məmmədovun işinə yenidən baxılması mümkündür. Bu iş Ali Məhkəmənin plenumu tərəfindən yenidən araşdırıla bilər. Araşdırma nəticəsində cinayət işi və qətllərin baş verməsində rolu olan vəzifəli şəxslərin də məsuliyyətə cəlb edilməsi mümkünləşə bilər. Hazırda onların bir çoxu vəzifədədir və işə yenidən baxılması bu mənada aktuallığını hələ də itirməyib”.