Eldar Mahmudov və şəbəkəsinin hədəfinə gələn qadından ilginc açıqlamalar
“Azadlıq”ın ötən saylarında Kürdəxanı təcridxanasında saxlanılan Ceyran Rüstəmovanın Ilham Əliyevə müraciətini dərc etmişdik. Həmin müraciətdə MTN əməkdaşları, prokurorluq və ədliyyə işçilərinin əməllərindən bəhs edilirdi. Müraciətdə Ceyran Rüstəmova ilə birlikdə həbs olunan Reyhan Hüseynovanın da adı çəkilirdi. Bu dəfə Reyhan Hüseynova Ilham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edib. O müraciətin bir surətini də redaksiyamıza göndərib. Reyhan Hüseynova Ceyran Rüstəmovanın yazdıqlarını təsdiq etməklə yanaşı əlavə faktlar da açıqlayıb. Müraciəti bəzi ixtisarlarla təqdim edirik:
Eldar Mahmudovun şəbəkəsi iş başında
“Hörmətli Cənab Prezident!
2013-cü il noyabrın 26-da Rüstəmova Ceyran Mikayıl qızı mənə zəng vuraraq bildirdi ki, onun vasitəsilə aldığım evin keçmiş sahibəsi Babayeva Xavər Məmmədrəhim qızının oğlu Babayev Emil Eyyub oğlu satdıqları evi geri qaytarmaq istəydiyini bildirib. O, alqı satqını ləğv etmək üçün noyabrın 27-də Axundov parkında görüş təyin edib. Mən Ceyranla razılaşıb səhəri gün ora gedəcəyimi bildirdim. Səhər saat təxminən 15:30-da həmin yerə gəldim. Lakin parkın yanında nə Babayev Emili, nə də Ceyranı gördüm. Ceyrana dəfələrlə zəng vurmağıma baxmayaraq, o zəngimə cavab vermədi.
Həmin gün mən 17:00-da Bakı Şəhər Icra Hakimiyyətində qəbulda olmalı idim. Buna görə də parkın yanında öz avtomobilimə əyləşib birbaşa Bakı Şəhər Icra Hakimiyyətinə tərəf getdim. Bu vaxt maşınımın önündə 10 XZ 300 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın mənə maneçilik törətməyə başladı. Ona məhəl vermədən yoluma davam etdim. Bakı Şəhər Icra Hakimiyyətinin qarşısında maşınımı park etmək istəyirdim ki, qəflətən 4 nəfər naməlum şəxs maşınıma soxuldu. Mən təşvişə düşərək qışqıra-qışqıra soruşdum ki, Siz kimsiz? Sizə nə lazımdır? Onlar isə mənə “Səsini kəs, bizimlə gedirsən, nə deyiriksə onu da eləməlisən” dedilər. Mən maşınımın sol tərəfində bayaqdan məni izləyən və mənə maneçilik törədən 10 XZ 300 nömrəli avtomaşını yenidən gördüm. Gördüm ki, o maşını idarə edən mənim uzun illərdən bəri tanıdığım və bu yaxınlarda borc müqaviləsi əsasında borc verdiyim Sadıqova Səkinənin oğlu Sadıqov Səməd Elçin oğludur. Yanındakılar isə anası Sadıqova Səkinə və məni Axundov parkına çağırtdıran Babayev Emil və qardaşı Babayev Elşad idi. Mən heç nə başa düşmədim, maşınıma soxulanların soyğunçu olduqlarını zənn edərək açarları belə maşının üstündə qoyub, qaçaraq Bakı Şəhər Icra Hakimiyyətinin binasına girdim. Onlar da arxamca ora gəldilər. Onlardan biri, adını sonradan öyəndiyim Azər mənə yaxınlaşaraq dedi ki, biz MTN-in əməkdaşlarıyıq, bizimlə getməlisən. Mən onlardan səbəb soruşanda onlar bunu rəhbərliyin göstərişi ilə əlaqələndirdilər. Mən fürsət tapıb ailə üzvlərimə xəbər verə bildim və onlardan özlərini təcili olaraq mənə yetirmələrini istədim. Həmçinin 102 xidmətinə zəng vurmaq istədim. Lakin onlardan digəri, adını sonradan bildiyim Natiq tez mənə yaxınlaşdı və mənə “telefonu söndür, yoxsa sənin üçün pis olacaq” deyə hədə-qorxu gəlməyə başladı. Sonra telefonumu əlimdən aldı. Halım çox pis oldu, çünki çox qorxurdum, tir-tir əsirdim. Mən onların dediyini etməyib ailə üzvlərimin gəlməsini gözləyəciyimi bildirdim. Elə bu vaxt qohumum gəldi və həmin şəxlərə yaxınlaşaraq nə baş verdiyini soruşdu. Onlar “bu xanım bizimlə getməlidir, orada ona hər şeyi başa salacağıq” deyə cavab verdilər. Mən öz qohumumun maşınında, onlar isə mənim maşınımda getməyə qərar verdilər. Azər adlı MTN əməkdaşı isə bizimlə bir maşında getdi. MTN-nin binasına girdikdə orada məni yoxladılar, mobil telefonlarımı götürdülər, təxminən 2-3 saat aşağıda saxlanıldım.
MTN-də baş verənlər
Sonra bir nəfər naməlum şəxs mənə yaxınlaşdı və məni liftlə 7-ci mərtəbəyə qaldırdı. Məni bir otağa saldılar, həmin 4 nəfərdən biri adını bilmədiyim şəxs otağa daxil olaraq mənə “niyə burda olduğunuzu bilirsən?” deyə sual verdi. Mən isə “xeyr, bilmirəm” deyə cavab verdim. Sonra məni o biri otağa apardılar. Mütəmadi olaraq onlar məni bir otaqdan o birinə aparırdılar və hər otaqda eyni sualı verirdilər, eyni sözləri təkrar edir, eyni hədə-qorxuları gəlirdilər. Deyirdilər ki, sən harada olduğunu bilirsən?! Sən hələ buranın zirzəmisini görməmisən, ora burdan da qorxuludur. Onlardan bura gətirilməyimin səbəbini soruşanda, mənə “sus, burada sualları biz veririk, sən yox, çox danışma!” deyə qışqırdılar. Sonra Natiq adlı şəxs otağa daxil olaraq məndən “Sən kimsən, nə işin sahibisən ki, bu qədər pulun var?” deyə soruşdu. Mən hələ də söhbətin nədən getdiyini anlaya bilmirdim. Onlara dedim ki, sizin hansı pul barədə danışdığınızı anlamıram, nə işlə məşğul olduğuma gəldikdə isə mənim öz şəxsi biznesim var. Natiq isə “Bizə yalan danışma, sən deyəsən MTN-də olduğunu unudursan, çaşma, lazım gəlsə bülbül kimi ötərsən, biz hər şeyi bilirik, sən ev, torpaq alqı-satqısı ilə, faizə pul verməklə məşğulsan və buna görə də sənin pulun çoxdur” deyə bildirdi. Mən ünvanıma deyilən bu çirkin iftiraları birmənalı şəkildə təkzib etdim. Onlar isə “biz hər şeyi araşdırmışıq, sənə sübut edərik” dedilər və məni yenə başqa bir otağa apardılar. Həmin otaqda Azərdən başqa daha 2 nəfər var idi. Onlardan biri başda oturan, təxminən 50 yaşlarında, hündürboy, qarabəniz, digəri isə 40-45 yaşlarında olan, keçəl biri idi. Sonradan adının Əli olduğunu bildim. Mən otağa girən kimi Əli üstümə qışqırdı ki, aaz harda olduğunu bilirsən? Dedim ki, bəli, bilirəm. Əli təhqiredici sözlərlə “aaz sənə bu qədər pul hardandı?” deyə yenə qışqırdı. Dedim ki, siz hansı puldan danışırsız? Mən sizin hansı pullar barədə danışdığınızı başa düşmürəm. O, isə “Bilmirsən? Indi gözünə soxaram” deyə cavab verdi və kiməsə zəng vurub bəzi sənədləri biz olan otağa gətizdirdi. Həmin sənədləri önümə ataraq, təhqiredici sözlərlə “Bəs bunlar nədir?” deyə soruşdu. Mən ona izah etdim ki, bu sənədlərin biri aldığım evin, digəri isə Sadıqova Səkinəyə verdiyim qanuni borc müqaviləsinin sənədidir. O, soruşdu ki, bu qədər pul səndə hardandır? Mən ona Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsində sökülən evimə görə dövlətdən kompensasiya aldığımı dedim. O, isə yenə qışqırıb dedi ki, yalan danışırsan. Sən ev alqı-satqısı ilə, faizə pul verməklə məşğulsan. Bu yalanlara görə də sənin başına nələr gətirəcəyimi görəcəksən. Bu zaman Əli kiməsə zəng vuraraq “Xanımı bura gətirin” dedi. Az keçmədən otağa Sadıqova Səkinə daxil olduqda mən çaşıb qaldım, nə baş verdiyini anlamadım. Əli ona dedi ki, Səkinə xanım, bu siz deyənləri qəbul etmir, deyir ki, mənim pulum yoxdur, nə edək? O, isə “Nəyi qəbul eləmir ki? Bu Reyhanın və Ceyranın çoxlu pulları var, ev, torpaq alqı-satqısı ilə, faizə pul verməklə məşğul olurlar. Indi özünüz baxın da nə etmək lazımdır, həm sizə xeyir, həm də bizə xeyir”, – deyə bildirdi. Mən özümdən asılı olmayaraq Səkinənin üstünə qışqırdım və dedim ki, mən sən dediyin işlərin heç biri ilə məşğul olmamışam, bunu sən özün hamıdan yaxşı bilirsən. Bəs niyə belə yalan danışırsan? Evim sökülüb deyə ev almışam, sən də bunu bilib qapıma gəlib məndən borca pul istəmisən, sənə də qanuni qaydada borca pul vermişəm. Nəyə görə mənə belə çirkin iftiralar atırsan? Əgər mən sənin sadaladığın işlərlə məşğul olsaydım onda 1 ildən artıq müddətdə sənin evində kirayədə qalmazdım. Mənim 18-20 ildir ki, şəxsi biznesim var və halal pulumu qazanıram.
MTN əməkdaşlarına Səkinənin dediklərinin şər və böhtan olduğunu dedim. Mən onlara “mənə inanmırsınızsa, zəhmət olmasa dediklərimi araşdırın” deyə müraciət etdim. Onlara söküntüyə düşən evimin ünvanını və Bakı Şəhər Icra Hakimiyyəti ilə hansı notariusda müqavilənin sənədləşdirilməsini və mənə ödənilən kompensasiyanın hansı bankdan alındığı barədə dəqiq məlumat verdim. Mənim Səkinə ilə bu cür danışmağım deyəsən Əlinin xoşuna gəlmədi. O mənim başımdan ağır bir zərblə yumruq vurdu, halım pisləşdi. Mən özümə gələndə artıq başqa bir otaqda idim. Elə buna görə də mən bugünkü gün görmə qabiliyyətimi itirmək üzrəyəm, hətta o gün orada keçirdiyim qorxunun nəticəsində şəkər xəstəliyinə də tutulmuşam. Əli otağa gəlib məni “Hər şeyin düzünü desəydin, indi çıxıb öz evinə gedərdin, amma indi səni buranın qaranlıq zirzəmisinə göndərəcəm, indiki vəziyyətinə şükür edəcəksən” deyə hədələdi. Sonra “Yaxınlarından sənin burada olduğunu bilən kimsə var?” deyə soruşdu. Mən isə ona ailə üzvlərimin bildiyini və çox güman ki, hal-hazırda bayırda məni gözlədiklərini dedim.
Eldar Mahmudov haqq istəyir
Sonra Azər adlı digər şəxs məni öz otağına çağırtdırdı və mənə “Sizin vəziyyətiniz çox pis olacaq, çünki nazir Eldar Mahmudovun özü şəxsən göstəriş verib ki, indən belə hər ay bizə haqq verməlisiz, amma indi burdan çıxmaq istəyirsizsə, bizə 200.000 (iki yüz min) manat pul çatdırmalısınız, əks təqdirdə həyatınız məhv olacaq” dedi.
Azər mənə Ceyranın da burda olduğunu bildirdi. Mən ona Ceyranın ağır onkoloji xəstə olduğunu deyib, onu incitməmələrini xahiş etdim. O, isə cavabında “ay qız, bura xəstəxana deyil, öz dərdini çək, sənə vaxt veririk fikirləş və cavabını de” dedi. Az sonra Ceyranı da ora gətirdilər. Bu zaman Əli də otağa daxil oldu. Azər bizdən pul haqqında nə fikirləşdiyimizi soruşdu. Biz ona dedik ki, buraxın bizi gedək, görək nə edə bilirik. O, isə dedi ki, gedim rəhbərliklə məsləhətləşim əgər razılaşsalar sizi buraxarıq. Bir neçə dəqiqədən sonra geri gələrək dedi ki, sizə pulu gətirməyə bir həftə vaxt veririk, naziri birtəhər razı saldıq və tapşırdı ki, bizdən pul istəmələri barədə heç kimə məlumat verməyək. Bildirdi ki, əks təqdirdə sizi məhv edəcəklər. Onlar bizi təxminən gecə saat 00.30-da buraxdılar. Azər bizə onunla əlaqə saxlamaq üçün Natiqin mobil nömrəsini verdi. Biz bir həftəyə onların istədiyi məbləği düzəldə bilmədik, ona görə də əlaqə saxlayıb görüşmək istədiyimizi bildirdik. Mərkəzi Klinikanın yanında Azər və Natiqlə görüşüb bizə əlavə bir həftə də vaxt verməsini istədik. Onlar razılaşdı. Biz bu əlavə vaxt ərzində yalnız 100.000 (yüz min) manat pul düzəldə bildik və onlarla əlaqə saxlayıb pulu hara çatdırımalı olduğumuzu soruşduq. Onlar bizə dedilər ki, gəlin MTN-nin qabağına. Biz ora gedib Azər və Natiqlə görüşüb pulu onlara verdik”.
(Ardı var)



