Çempionlar Liqası: “Zenit”, yoxsa “Porto”?

Bu axşam Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

E qrupunun lideri “Bayer” (Leverkuzen) klubu səfərdə “Genk”in qonağı olacaq. Bu görüşdə qələbə qazanacağı təqdirdə Leverkuzen təmsilçisi qrupu 1-ci yerdə başa vuracaq. Qrupun digər qarşılaşmasında isə “Çelsi” öz meydanında “Valensiya” ilə görüşəcək. Bu oyunda qələbə qazanan tərəf adını növbəti mərhələyə yazdıracaq.

G qrupunda isə birinci yerin sahibi bəlli olduğundan əsas mübarizə ikincilik uğrunda gedəcək. Ötən tur “Arsenal”a məğlub olmaqla işini çətinə salan “Borussiya” (Dortmund) evdə “Marsel”lə qarşılaşacaq. Qrupun digər matçında isə “Olimpiakos” doğma azarkeşləri önündə lider “Arsenal”ı qəbul edəcək. Qeyd edək ki, qrupda hər 3 komandanın da qrupdan çıxmaq şansı qalır.

F qrupunda isə bütün diqqətlər Portuqaliyaya yönələcək. Burada qrup birinciliyini təmin edən APOEL-dən fərqli olaraq “Porto” və “Zenit” klubları ikincilik uğrunda mübarizə aparacaq. Bu görüşdə qazanılacaq heç-heçə Peterburq təmsilçisini qane edəcək. “Porto” isə növbəti mərhələyə adlamaq üçün yalnız qələbə qazanmalıdır. APOEL isə son turda öz meydanında “Şaxtyor” (Donetsk) klubunu qəbul edəcək.

H qrupunda baş tutacaq oyunlar isə formal xarakter daşıyacaq. Artıq qrup liderliyini təmin etmiş “Barselona” öz meydanında BATE-ni sınağa çəkəcək. Qrup ikincisi “Milan” isə “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq. Hazırda qrupda üçüncü pillədə olan Çexiya təmsilçisini bu oyunda bir xal da qane edir. Əks halda isə Avroliqaya BATE vəsiqə qazanacaq.