Sumqayıtda sahibkarlığa dövlət dəstəyi?!
Manatın devalvasiyasından qəddini düzəldə bilməyən Sumqayıt sahibkarlarına ikinci zərbə vuruldu. 30-a yaxın insan iş yerləri ilə vidalaşmalı oldu. Sumqayıt IH başçısı Zakir Fərəcovun göstərişinə əsasən şəhərin H.Əliyev prospektində yerləşən, qapıları küçəyə açılan iaşə obyektlərinin, apteklərin, gözəllik salonlarının daş pilləkanlari darmadağın edildi.
H.Əliyev prospekti boyu 1941-1945-ci illərdə alman əsirlərinin tikdiyi 2-3 mərtəbəli binaların fasad üzlükləri ildırım sürəti ilə yenidən dəyişdirildi. Ona görə yenidən yazırıq ki, Sumqayıtın keçmiş başçısı Eldar Əzizovun zamanında həmin üzlüklər yenilənmişdi.
E.Əzizovdan əvvəl Sumqayıt şəhərinə rəhbərlik etmiş Vaqif Əliyevin dövründə həmin binanın fasadı “yenidənqurma” adı altında təmir edilmişdi. Hadisələrin bu cür cərəyan etməsindən belə mənzərə yaranır ki, Sumqayıt təcrübə poliqonudur!
Sumqayıt şəhərinə yeni başçı təyin olunduqda özündən əvvəl qurulan bütün işlər sökülür, samballı pullar xərclənərək Z.Fərəcovun sərəncamları ilə “yenidən qurulur”. Nəticədə büdcədən vəsait göyə sovrulur və sahibkarlara zərbə vurulur.
Paradoksal vəziyyətdir, iş yerləri açmaq əvəzinə iş yerlərini bağlamaqla məşğuldurlar. Bundan əvvəl də obyektləri abadlıq adı altında dağıdılan sahibkarların aidiyyəti şikayətləri nəticəsiz qalmışdı. Ölkə başçısının sahibkarlığın inkişafına yönəlik “tapşırıqları”, həmişə olduğu kimi, bu cür yerinə yetirilir.
Cəzasızlıq mühitindən istifadə edən acgöz IH başçıları dövranlarını sürdürməklə “torbalarını” doldurmaqla məşğuldurlar. Bütün bunlar ölkə əhalisinin gözü qarşısında baş verir. Fəal insanların hamısı IH başçılarının hansı ticarət obyektləri restoran və mülklərə sahiblənməsindən məlumatlıdırlar.
Az müddət ərzində Sumqayıtda bir neçə IH başçısının əvəzlənməsinə baxmayaraq sosial vəziyyət dəyişməz olaraq qalır. Kiçik biznes və sahibkarlıqla məşğul olan sumqayıtlılar alıcılığın olmaması səbəbindən qısa zamanda müflis olur. Hətta yaşadıqları evləri banklara olan kredit borclarına görə sataraq “gecəqondu” yaşayış məskənlərinə köç etmək məcburiyyətində qalırlar.
Kənan



