Rusiyada inqilab küləkləri əsir (FOTO/VİDEO)

Ölkəni etirazlar bürüdü; Kreml qana getdi; ABŞ-dan hədə və tənqid gəldi

 

Rusiyanın paytaxtı Moskvada parlament seçkisinə etirazlar davam edir. Dekabrın 5-də axşam saatlarında minlərlə etirazçı paytaxt küçələrinə axışıb. Etirazçılar baş nazir Vladimir Putinin “Vahid Rusiya” partiyasını seçkini saxtalaşdırmaqda və səsləri oğurlamaqda günahlandırıblar. Nümayişçilər “Putinsiz Rusiya” şüarları səsləndirərək baş nazirin istefasını tələb ediblər. Yüzlərlə etirazçı Kremlin yaxınlığında yerləşən Mərkəzi Seçki Komissiyasına tərəf yürüş etməyə çalışsa da, polis yürüşün qarşısını alıb. Etirazlarda iştirak edən 300-ə yaxın fəal həbs edilib.
Paytaxt Moskvada baş tutmuş nümayiş Putinin 12 il əvvəl iqtidara gəlməsindən bu yana keçirilən ən böyük etiraz aksiyası olub. Ən azı 5 min etirazçı paytaxtın mərkəzindəki meydanda toplanaraq Putin əleyhinə şüarlar səsləndirib.

Liberal müxalif qüvvələrin “Çistiye Prudi” metrostansiyasının yaxınlığında təşkil etdiyi son illərin ən böyük etiraz aksiyası polislə qarşıdurma və kütləvi həbslərlə sona çatıb. Yağış yağmasına baxmayaraq küçədəki işıq dirəklərinə dırmaşan etirazçılar yolları bağlayıb, “Yeni seçkilər istəyirik” şüarları səsləndiriblər. Etirazçılara müxalif liderlərdən Boris Nemtsov və Ilya Yasinlə Viktor Şenderoviç də dəstək verib.

Seçkinin nəticələrinə və kütləvi saxtakarlıqlara etiraz edən Kommunist Partiyasının minlərlə üzvü Moskva və Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqda “Inqilab” şüarlarıyla aksiya keçirib. Aksiya üçün icazə alınan ərazinin yaxınlığındakı Kremlə gedən prospektə girməyə çalışan bir çox nümayişçi polis müqavimətiylə üzləşib. Rus xəbər agentlikləri polisin etirazçı qrupu dağıtdığı və bəzi müxaliflərin həbs olunduğunu bildirib.

Kreml yaxınlığındakı Puşkin meydanında axşam saatlarında Kommunist Partiyasının çağırışından sonra 2 min insan toplaşıb. Onlar polisin qurduğu barrikadaları aşaraq “KQB”-nin binasının yerləşdiyi Lubyanka meydanına doğru getməyə çalışıb. Polis və xüsusi təyinatlılar aksiyaçılara qarşı zorakılıq edib, həbs olunanlar var.
Bu arada məlum olub ki, müxalifət hərəkatı olan “Solidarnost”un liderlərindən biri Ilya Yaşin və məşhur bloger Aleksey Navalnı saxlanılıb və məhkəmə onların hər birinə 15 sutka həbs cəzası kəsib. Hər iki şəxs Moskvanın mərkəzində keçirilmiş icazəsiz aksiyada fəallıq etdiyinə görə saxlanılıb. Bunlarla yanaşı tərtibatçı Yeqor Jqun da 15 sutkalıq həbs cəzası alıb.  
Etirazlara münasibət bildirən Vladimir Putin mətbuat katibi vasitəsi ilə müxaliflərə xəbərdarlıq ünvanlayıb. Baş nazir onlardan aksiyaları dayandırmağı tələb edib. Putinin sözçüsü Dmitri Peskov bildirib ki, seçkilərə etiraz edən müxaliflər düzgün etiraz forması seçməyiblər. Onların hərəkətləri ölkədə mövcud sabitliyi pozmağa hesablanıb.

Bu arada Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan amerikalı senator Con Makkeyn Vladimir Putini “Ərəb Baharı”yla hədələyib. Respublikaçı senator “Twitter”dəki səhifəsində “Əziz Vlad! ”Ərəb baharı” sənə yaxınlaşmaqdadır” yazıb. Makkeyn Rusiyanın baş nazirinə Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verənlərə diqqət yetirməyi məsləhət görüb.
ABŞ dövlət katibi Hillari Klinton Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin 18-ci toplantısında Rusiyada baş tutan seçkilərə münasibət bildirib. ABŞ rəsmisi seçkilərdə kütləvi saxtakarlıq halları baş verdiyini və seçicilərin təməl hüquqlarının ciddi şəkildə pozulduğunu söyləyib: “Rusiya seçiciləri manipulyasiya və saxtalaşdırma hallarının tam şəkildə araşdırılmasına layiqdirlər. Rusiya vətəndaşları da digər ölkələrin vətəndaşları kimi səslərinin düzgün hesablanmasına layiqdirlər. Onlar azad, ədalətli və şəffaf seçkilərə, onlar qarşısında hesabat verən liderlərə layiqdirlər”. 
ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu (ATƏT/DTIHB), AŞ PA və ATƏT-dən olan avropalı müşahidəçilər Dövlət Dumasına seçkilərin nəticələrinin hesablanmasında saxtakarlığa yol verildiyini və müşahidəçilərə prosesi izləməyə əngəl törədildiyini bəyan ediblər.

Informasiya şöbəsi