Tanınmış vəkil Qurban Məmmədov “Kapital Bank”la bağlı çağırış edib. Vəkil bir neçə gün öncə “Kapital Bank”ın Türkiyə səfirliyinin önündəki bankomatından pul çəkmək istəyərkən problemlə qarşılaşıb. Bankomat kartı qaytarmayıb. Bundan sonra 196 xidmətinə zəng edən Qurban Məmmədova kartı yalnız 3 gün sonra qaytara biləcəklərini bildiriblər. Vəkil dərhal bankın “28 may”da yerləşən baş ofisinə üz tutub. Baş ofisdə nəinki vəkilin problemə həssas yanaşıblar, əksinə, bank işçiləri ona qarşı kobud davranıb və “İş gününün sonudur”, “usta uzaqdadır”, “bu gün olmaz”, “3 gündən sonra gəlin”, “kartı çıxarsaq da, şəxsən sizə verə bilmərik” kimi müxtəlif bəhanələr gətiriblər.
Vəkil özünün Facebook səhifəsində bankın ona qarşı münasibətdən heyrətləndiyini qeyd edib:
“Özümüz öz əlimizlə Vətənimizi onlara yem eləmişik. Düz edirlər. Qoy etsinlər. Ancaq mən sizlərdən kömək istəyirəm. Pullarınızı “Kapital bank”da saxlamayın, əmanətlərinizi o bankdan geri alın. Müştərisinə, vətəndaşına belə laqeyid və saymazyana yanaşan bir bankın cəzalanması lazımdır. Sizi həmrəyliyə çağırıram, mənə dəstək olmağa səsləyirəm. Heç olmasa, bu məsələdə birlik nümayiş etdirək. Bu gün mənim başıma gələn, sabah sizin də başınıza gələcək”.