Milli Şura devalvasiya ilə bağlı hakimiyyət qarşısında tələblər qoydu
Milli Şura devalvasiya ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“21 dekabr 2015-ci il tarixində Azərbaycan iqtisadiyyatı bir il ərzində özünün ikinci şokunu yaşadı. Bir günün içində əməkhaqlarını, təqaüdlərini, pensiyalarını, müavinətlərini manatla alan, əmanətlərini banklarda manatla saxlayan Azərbaycan vətəndaşları 48 faiz itkiyə məruz qaldı. Fevral devalvasiyasına qədər olan vəziyyətlə müqayisədə insanlar iki dəfə yoxsullaşdı, maaşlar, pensiyalar, müavinətlər və əmanətlər yarıbayarı dəyərsizləşdi. Mərkəzi Bankın bu qərarı çox ağır sosial-iqtisadi sıxıntılar içində olan, ləyaqətli həyat hüququndan məhrum edilmiş Azərbaycan vətəndaşlarının maddi durumuna sarsıdıcı zərbə vurdu. Son bir neçə gündə delavasiyanın nəticəsi kimi 50-60 faiz civarında qiymət artımı isə ölkə əhalisini artıq ciddi bir şəkildə aclıq, az və keyfiyyətsiz qidalanma problemi ilə üz-üzə qoymaqda, yoxsulluğun səviyyəsini sürətlə yüksəltməkdədir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə 700 min insanın onsuz da normal qidalana bilmədiyi ölkəmiz üçün bu iqtisadi addımın hansı fəsadlar törədəcəyini, vətəndaşlarımızın həyatına və sağlıq durumuna hansı zərbələr vuracağını təsəvvür etmək çətin deyil.
2015-ci ilin ikinci devalvasiyası bütövlükdə insanlarımızın və xüsusilə, onların aztəminatlı qruplarının- pensiyaçıların, əlillərin, şəhid ailələrinin üzərinə bir fəlakət kimi gəlsə də, bu, təbii fəlakət deyil. Manatın 48 faiz dəyərdən salınması haqqında qərar uzun illərdir ölkəmizdə aparılan yarıtmaz, ölkənin və xalqımızın gələcəyi baxımından təhlükəli iqtisadi-sosial siyasətin məntiqi nəticəsidir. Uzun illər ərzində Azərbaycanda bütövlükdə real, işlək iqtisadi sistemin formalaşdırılması prosesinin qarşısı dar, korporativ hakimiyyət maraqları naminə məqsədyönlü şəkildə alınmış, azad rəqabət mühiti hakimiyyətin ən yüksək təbəqəsi tərəfindən himayə olunan inhisarlar və dövlət idarəetmə mexanizmi kimi fəaliyyət göstərən korrupsiya vasitəsilə məhv edilmiş, xırda ticarəti çıxmaqla sahibkarlıq yalnız məmur-oliqarxların hüququ olaraq tanınmışdır.
Azad sahibkarlıqla məşğul olmaq istəyən insanlar isə gömrük, vergi, polis, məhkəmə və s. orqanların davamlı təzyiqləri və maneələri nəticəsində bu istəkdən daşınmaq məcburiyyətində qalmışlar. Nəticədə, ölkədə real iqtisadiyyatın təşəkkül tapmasına imkan verilməmiş, rəqabət qabiliyyətli istehsal sahələri yaradılmamış, ölkəmizi dünya səviyyəsində tanıda biləcək heç bir maddi dəyər istehsal edilməmişdir. Ölkə bütövlükdə ixracatın 95 faizini təşkil edən neft və neft məhsullarından və istehlak üçün zəruri olan demək olar ki, hər bir əmtəənin idxalından asılı vəziyyətə salınmışdır. Sahibkarlıq mühitinin məhdudlaşdırılması məqsədyönlü siyasət olmaqla uzun illər boyu bir tərəfdən vətəndaşların iqtisadi və siyasi müstəqilliyinin boğulmasına və bu yolla məcburi siyasi loyallığın təmin edilməsinə, digər tərəfdən isə ölkəyə gömrük rüsumuna cəlb olunmadan məhsul ixdal edib onu daxili bazarda rəqabətsiz bir şəraitdə dəyərindən dəfələrlə artıq qiymətə seçim imkanı olmayan əhaliyə satan və bu yolla milyardlar qazanan inhisarçılıq maraqlarına xidmət etmişdir.
Milli Şura bəyan edir ki, 21 dekabr devalvasiyası Azərbaycan hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən açıq soyğunçuluq tədbiri, öz yarıtmaz sosial-iqtisadi fəaliyyətinin ağır hesabını xalqa ödətdirmək siyasətidir. Son illər ərzində ölkəyə daxil olan təqribən 115 milyard dollar neft gəlirinin böyük bir hissəsinin talanması, hakimiyyətin ən yuxarı pilləsində olan bir qrup şəxs tərəfindən qurdurcasına qəsb edilməsi, ölkə hüdudlarından çıxarılaraq müxtəlif ofşor ərazilərə yerləşdirilməsi bu soyğunçuluq siyasətini zəruri edən amillər olub. Hakimiyyətin iddia etdiyi kimi, guya ölkə iqtisadiyatına yatırılmış 180 milyard sərmayə bu gün rəqabət qabiliyyətli və ölkəyə real valyuta qazandıran bircə real istehsal sahəsinin yaradılmasına deyil, yalnız siyasi hakimiyyətin fantastik səviyyədə varlanmasına xidmət edibsə, bu Azərbaycan xalqına və dövlətinə qarşı törədilən ağır cinayətdir və tarix bu cinayəti törədənlərdən mütləq hesab soracaqdır.
Milli Şura olaraq Azərbaycan hakimiyyətindən uzun illər ərzində həyata keçirdiyi və artıq Azərbaycan vətəndaşlarının fiziki mövcudluğunu və sağlıq durumunu təhlükə altına alan soyğunçuluq, talan siyasətinə son qoymağı, heç olmasa sosial-iqisadi fəlakət dövrünə daxil olduğumuz indiki zamanda inhisarçılıq, korrupsiya və məmur özbaşınalığının qarşısını almağı, iqtisadi inkişafın ən mühum şərtləri olan azad rəqabət mühitinin və məhkəmələrin müstəqilliyinin təmin edilməsini, azad sahibkarlıq fəaliyyətinin bütün vasitələrlə təşviq edilməsini tələb edirik.
Ölkəmizin və vətəndaşlarımızın üzləşdiyi bu acınacaqlı sosial-iqtisadi duruma görə bilavasitə məsuliyyət daşıyan hakimiyyət ən qısa zamanda əhalinin əməkhaqlarının, pensiyalarının, müavinətlərinin və əmanətlərinin ədalətli indeksasiyasını həyata keçirməli, banklara müvafiq kompensasiyalar ödəməklə dollarla krediti olan vətəndaşların probleminin həllinə kömək etməlidir. Azərbaycan siyasi hakimiyyəti ölkəni sosial iqtisadi fəlakətin astanasına gətirib çıxardığı indiki dövrdə öz məsuliyyətini dərk etməli, dərhal və təxirəsalmadan ciddi və köklü sistem islahatlarına- siyasi, iqtisadi və hüquqi islahatlara başlamalıdır. Bu zəruri və taleyüklü addımlar atılmadan, siyasi və iqtisadi açılım olmadan ölkənin düşdüyü böhrandan çıxması mümkün deyil. Bu halda yaxın zamanlarda daha da pisləşəcək vəziyyətə, ölkəni xaosa və qarşıdurmaya apara biləcək bütün nəticələrə görə indiki korrupsioner və bacarıqsız hakimiyyət məsuliyyət daşıyacaqdır”.