Nurullayevin pul müqabilində yanına yığdığı insanlar onu tərk edir
“Fuad Qəhrəmanlının həbsinə bizim rəhbərliyin sevinməsi mənim səbr kasamı daşıran son damla oldu. Daha mən o cür insanların yanında dayanıb vicdanımı əzab içində qoya bilməzdim. Onsuz da iki-üç aydır, atdığım səhv addıma görə nələr yaşayırdım, Allah bilir”. Bu sözləri bu gün Razi Nurullayevin dəstəsindən ayrılan Ülvi Həsənzadə “Azadlıq”a bildirib.
Ağsu rayonun Pirhəsənli kəndində anadan olub, orada yaşasa da, Həsənzadə Razinin Şamaxı dəstəsində sədr müavini imiş. Bunun isə xüsusi sirri yoxdur.
Səbəb puldur. Necə? Qoy Ülvi Həsənzadə özü desin.
“Bu işlərin başında Vüsal İmanov adlı şəxs dayanır. O Razi Nurullayevin təşkilatına Ağsuda başçılıq edir. Bizi də o adla Şamaxıya saldı ki, guya Ağsuda yerlər dolub (?!). Əsl həqiqət isə bundan ibarətdir ki, hər yeni şöbə üçün Razi Nurullayev pul verirdi. Şamaxı şöbəsini də belə yaratdılar. Bizi “Ağsu aşrımında” bir çayçıya yığdılar. Biz də öz tanışlarımızı ora çağırıb şəkil çəkdirdik adı oldu şöbə”.
Həsənzadənin sözlərinə görə, Razi Nurullayev şöbə sədrinə 500, onun birinci müavininə 300 manat söz verib. Lakin ortada hansısa dələduzun peyda olması, yaxud manatın başına gələnlərə görə maliyyə axını dayanıb. Bu artıq onsuz da təkəm-seyrək olan raziçilərdə üsyan qığılcımları doğurmaqdadır.
“Bəs bu pullar nəyin qarşılığında sizə verilirdi” sualını cavablayan Ü. Həsənzadə bildirir ki, onlardan elə də ağır şey tələb olunmayıb: “Deyirdilər ki, kimin imkanı var, saytlara, televiziyalara çıxsın, kimin də yoxdur Facebookda yazsın ki, Əli Kərimli pisdir, qərbdən pul alır, partiyanı dağıdır və s. Kimlərsə bunu elədi də, amma mən Allahımdan qorxub, bu işə getməmişəm”.
Həsənzadə etiraf edir ki, maddi vəziyyətinin ağır olmasına görə onlara vəd olunan pul onun da siyasi seçiminə təsir edib. O bunu həyatının ən bağışlanmaz səhvi adlandırır və deyir ki, bütün şüurlu həyatını bundan sonra ancaq “bu qara ləkəni” üzərindən silməyə həsr edəcək: “Maddi sıxıntılarım vardı. Üstəlik bizi bir az çaşdırdılar da. Əsl cəbhə budur, Əli Kərimli ölkəni Suriyaya döndərmək istəyir deyərək. Amma işin içinə girdikdə hər şey daha aydın oldu. Mən haqqı dediyinə görə bu gün məhbəsdə zülm çəkən Seymur Həzidən, Məməd İbrahimdən, Asif Yusiflidən, Murad Ədilovdan, Fuad Qəhrəmanlıdan və başqa cəbhəçilərdən üzr istəyirəm. Mən heç bir partiyanın, təşkilatın üzvü olmamışam. Əgər AXCP mənim müraciətimə müsbət yanaşsa, mənim səhvimə görə üzrxahlığımda səmimiyyət görsə, məmnuniyyətlə ona üzv olmağa hazıram”.
Ülvi Həsənzadə deyir ki, onun atası da Razinin yanındadır. O, düşünür ki atası da, başqaları da gec-tez haqqı etiraf eləmək məcburiyyətində olacaqlar. “Mən əsl cəbhəçilərə minnətdaram. Onların fədakarlığı əvəzolunmazdır. İnanıram ki, bu insanlar tezliklə ölkədəki vəziyyəti dəyişməyə nail olacaqlar. Ötəri çətinliklər heç kimi ruhdan salmasın”.
Hikmət