“Lənkəraninin Rafiq Tağı ilə bağlı fətvası olmayıb”

Eynulla Fətullayev: «Niyə istintaq cinayəti isti izlərlə açmır?»

Fazil Lənkəraninin Rafiq Tağının öldürülməsi ilə bağlı fətvası olmayıb. Bunu, yazıçının qətlini araşdıran jurnalistlərdən ibarət müstəqil Təhqiqat Qrupunun rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayev deyir. Onun sözlərinə görə, bu fətva ümumi olub və sırf R.Tağıya şamil olunmayıb:
“Mən məsələni araşdırmışam. O zaman Danimarkada bir karikaturaçı Islam peyğəmbərini təhqir etmişdi. Sonra Isveçdə təhqiredici bir məqalə çıxmışdı. Rafiq Tağı isə Azərbaycanda məlum məqaləni yazmışdı. Həmin vaxt Lənkəraniyə sualla müraciət etmişdilər ki, bu cür tendensiya var, bunun cəzası nədir? O da bildirmişdi ki, bunun cəzası ölümdür. O, konkret Rafiq Tağını nəzərdə tutmayıb və deməyib ki, onu öldürmək lazımdır. Mən şəriət mütəxəssisləri ilə söhbət etmişəm. Onlar deyirlər ki, birincisi, Rafiq Tağı ilə bağlı ölüm fətvası verilməyib. Ikincisi də, şəriətə görə, hətta fətva verilsə belə, həmin şəxs şəriət məhkəməsinə cəlb edilir, məhkəmə də ona cəza formasını təyin edir. Daş-qalaq, asmaq və s. Orada bıçaqlama forması yoxdur. Elə buna görə də Salman Rüşdini öldürmürlər. Halbuki öldürə bilərlər. Üstəlik şəriət məhkəməsinə görə, insan Islamı qəbul edirsə, o əfv də oluna bilər. Bu, bir daha onu göstərir ki, Iran versiyasına inanmağa dəyməz”.

F.Lənkəraninin oğlu Məhəmməd Cavad Lənkəraninin R.Tağının qətlini alqışlamasına gəlincə, E.Fətullayev deyir ki, bu xəbərin dəqiq olduğuna dair dəqiq məlumatlar yoxdur: “Həmin bəyanat ”Haqq yolu” saytında dərc olunub. Bu saytla bağlı heç bir məlumat yoxdur. Bilinmir bu sayt nə vaxt yaradılıb, kimin üçün yaradılıb, harada fəaliyyət göstərir, baş redaktoru kimdir? Mən araşdırmışam, bu sayt əvvəllər də fəaliyyət göstərməyib. Üstəlik, saytın qoyduğu link də açılmır. Ona görə biz bilmirik ki, Məhəmməd Lənkərani nə deyib? Bəlkə də, o qətli həqiqətən də alqışlayıb. Amma bu, hələ heç nə demək deyil. Biz təcrübədə də görmüşük ki, kimlərsə qətlləri, terror aktlarını üzərinə götürür, sonra məlum olur ki, bu hadisənin ona aidiyyəti yoxdur. Burada bir çox suallar var. Mən neçə dəfə Iran səfirliyi ilə görüşməyə cəhd etdim, alınmadı. Onlar görüşdən yayındılar. Bəlkə də, indiki həssas məqamda hansısa təxribatdan ehtiyat edirlər. Amma hər halda bir çox suallar var ki, onlara cavab tapmaq lazımdır”.
E.Fətullayev hesab edir ki, diqqəti yalnız Iran versiyasının üzərində cəmləşdirmək doğru deyil. Və R.Tağının hakimiyyəti sərt tənqid edən məqalələrinə də nəzər yetirmək lazımdır: “Mən Rafiq Tağının yazdığı bir esseyə baxdım, dəhşətə gəldim. Esse hakimiyyətin çox sərt tənqidinə həsr olunmuşdu. Bu qətlin arxasında hakimiyyətdaxili qruplaşma da dayana bilər. Bundan başqa, iki versiya qalır – ya Islam xətti, ya da üçüncü qüvvə. Fikrimcə, Rafiq Tağı o vaxt ona görə həbsə atıldı ki, həbsxanada çoxlu jurnalist olsun. Biz istintaqa mane olmaq istəmirik. Əksinə, onun işinə bacardığımız qədər kömək etməyi düşünürük. Sadəcə olaraq, məni narahat edən odur ki, niyə istintaq cinayəti isti izlərlə açmır?”.