Hərbi attaşe əvvəl söylədiyi fikirləri niyə təkzib elədi?
Azərbaycanın Irandakı hərbi attaşesi Mehman Süleymanov bir neçə gün əvvəl verdiyi açıqlamanı təkzib edib. “AzərTac” dövlət agentliyinin yaydığı xəbərə görə, Mehman Süleymanov Səfər Əbiyevin Irana səfər edəcəyi barədə xəbərlərin qonşu ölkənin KIV-ində çap olunmuş məlumat əsasında yayıldığını bildirib. “Lakin məlumatın doğruluğu Azərbaycanın və Iranın müvafiq rəsmi orqanları tərəfindən təsdiqlənməyib. Əgər gələcəkdə belə bir səfər planlaşdırılarsa, rəsmi qaydada ictimaiyyətə məlumat veriləcək”, – deyə hərbi attaşe vurğulayıb.
Bir neçə gün əvvəl isə Mehman Süleymanov Iranın IRNA dövlət agentliyinə bildirmişdi ki, Səfər Əbiyev növbəti ilin əvvəllərində Irana səfər edəcək. Onun sözlərinə görə, səfər çərçivəsində müxtəlif regional və ikitərəfli məsələlər müzakirə olunacaq. “Digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir”,- deyə hərbi attaşe əlavə etmişdi.
Mehman Süleymanovun arda-arda iki ziddiyyətli açıqlama verməsi güman ki, ciddi səbəblərə söykənir. Hər halda hərbi attaşe dəqiqləşdirmə aparmadan Səfər Əbiyevin Irana səfər edəcəyini bildirməzdi. IRNA da dövlət agentliyi olduğu üçün Mehman Süleymanovun fikirlərini təhrif etməsi inandırıcı görünmür. Heç hərbi attaşe də bunu iddia etmir. Mehman Süleymanovun ikinci açıqlamasına diqqət yetiriləndə onun birtəhər vəziyyət çıxmağa cəhd etdiyi təəssüratı yaranır.
Bəs hərbi attaşenin özünü təkzib etməsinin səbəbi nə ola bilər?
Ehtimal etmək olar ki, Səfər Əbiyevin Irana səfəri planlaşdırılmış. Lakin bu məsələnin ictimailəşməsi rəsmi Bakı üçün başağrısına çevrilib. “Ərəb baharı”nın artıq Irana yetişməkdə olduğu bir ərəfədə Azərbaycan müdafiə nazirinin Tehrana səfəri demokratik dünya tərəfindən birmənalı qarşılanmaya bilməz. Mümkündür ki, Qərb rəsmi Bakıdan bununla bağlı izahat istəyib. Azərbaycan hakimiyyəti isə çıxış yolu kimi xəbəri təkzib edib və bəlkə səfəri də təxirə salıb.
Başqa bir versiyaya görə isə Səfər Əbiyevin Irana səfəri barədə xəbərinin təkzib edilməsi Tehranla Bakı arasında münasibətlərin daha da gərginləşməsi barədə ola bilər. Son günlər Iran tərəfindən Azərbaycana yönələn təhdidlər Bakı və Tehranın münasibətlərində ciddi problemlərin olduğunu göstərir. Və görünür, Prezident Administrasiyasının (PA) şöbə müdiri Əli Həsənovun Irana səfəri zamanı da iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar nəticəsiz qalıb. Bu baxımdan Səfər Əbiyevin Irana gözlənilən səfəri təxirə salınıb.
Azad