Rafiq Əliyev-Hidayət Orucov qarşıdurması dərinləşir

«Rafiq Əliyev problemləri həll etmək əvəzinə, vaxtını Qafqaz Müsəlmanları Idarəsilə intriqalara həsr edirdi»

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Rafiq Əliyev bu yaxınlarda mətbuata müsahibəsində komitə və onun hazırkı sədri Hidayət Orucovun ünvanına müəyyən ittihamlar səsləndirmişdi. Hidayət Orucovun dini baxımdan savadsız olduğunu deyən Rafiq Əliyevin sözlərinə görə, bu komitə dövlət-din münasibətlərini tənzimləməli olduğu halda, qurum rəhbərliyinin özü bu münasibətlərin nədən ibarət olduğunu düzgün başa düşmür.
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi də keçmiş sədrin ittihamlarını cavabsız qoymayıb. Komitənin dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov bununla bağlı açıqlama yayıb. Əliheydər Zülfüqarov bildirir ki, o, “həqiqətin insanlara çatdırılmasını özünə borc bilib, rəhbərlikdən xəbərsiz Rafiq Əliyevin müsahibəsinə münasibətini açıqlamaq qərarına gəlib”.
Məsələn, Rafiq Əliyevin Hidayət Orucovu dini savadsızlığa görə qınamasına Əliheydər Zülfüqarov belə cavab verib: “Son iyirmi ildə dövlət-din münasibətləri ilə yüksək səviyyədə ardıcıl məşğul olaraq səmərəli fəaliyyət göstərən, bu mövzuda ictimaiyyətin diqqətini cəlb edən dəyərli yazıların, çıxışların müəllifi olan ziyalı haqqında bu dərəcədə qərəzli fikirlər söyləmək acı gülüşdən başqa heç nə doğura bilməz. Ikincisi, müsahibədə Rafiq Əliyevin yalnız özünü din sahəsində mütəxəssis sayan insan kimi deyil, adi müsəlmana da yaraşmayan yanlışlığa yol verdiyi göz qabağındadır. Məsələn, o, komitə sədrinin ”məscidlər Allahın evidir” sözlərinə istinad edərək bildirir ki, “Allahın evi” ifadəsi düz deyil və bu dinə ziddir. Çünki Allahın yer üzündə heç bir evi yoxdur. Bir ilahiyyatçı kimi deyə bilərəm ki, əsrlərdir xalqımız dini məbədlərə “Allahın evi” kimi müraciət etmiş və bu ifadə hərfi mənada deyil, məcazi anlamda başa düşülmüşdür. Bu məsələ, hətta dinin özündən qaynaqlanmışdır. Elə Qurani-Kərimin “Ənfal” surəsinin 35-ci ayəsində Kəbə evi haqqında bəhs edilərkən ərəbcə “beytullah” kəlməsindən istifadə olunmuşdur ki, bu da Azərbaycan dilinə “Allahın evi” kimi tərcümə edilir.
R.Əliyevin Hidayət Orucov barədə yol verdiyi təhqiramiz ifadələrə gəlincə, bu, keçmiş sədr əvəzinin səviyyəsizliyini göstərir və belə məsələlərə yalnız hüquq-məhkəmə müstəvisində baxıla bilər. Dövlət Komitəsinin sədrinin məhkəməyə müraciət edib-etməməsi isə onun hüququdur və öz qərarından asılıdır”.
Əliheydər Zülfüqarovun sözlərinə görə, komitəyə Rafiq Əliyevin rəhbərlik etdiyi dövrdə missionerlik fəaliyyətləri, müxtəlif dini-siyasi qruplar tüğyan edirdi. Yalnız son beş ildə ölkədə görülən effektiv tədbirlərin nəticəsi olaraq, zərərli missionerlik fəaliyyətləri minimuma endirilib.
“Rafiq Əliyev rəhbərliyi dövründə din sahəsindəki problemlərlə məşğul olmaq əvəzinə, vaxtını Qafqaz Müsəlmanları Idarəsi və dini icmalarla intriqalara həsr edirdi, onlarla bağlı mətbuatda təhqiramiz müsahibələr verirdi”, – deyə Zülfüqarov əlavə edib.