Yaş, yoxsa baş?

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Azərbaycanda üzərində xeyli spekulyasiya edilən mövzulardan biri də “gəncləşdirmə”dir. Guya hansısa vəzifədə yaşca gənc, yoxsa qocanın oturmasının çox dəxli var! Normal ölkədə yaşasaq, bəlkə də bu cür müzakirələrə də normal yanaşmaq olar. Hərçənd normal ölkədə belə məsələləri də çoxdan həll eləyib qurtarıblar. Orada önəmli olan insanların bilik və bacarığıdır, onların həyatda tutduqları mövqe, qazandıqları karyera məhz intellektlərinə, çalışqanlıqlarına adekvatdır. Daha bizdəki kimi, adamlardan mütləq kiminsə övladı, yeznəsi, bacanağı, kürəkəni, kirvəsi olmaq tələb edilmir!

Hər bir halda bu “yaş söhbəti” artıq xeyli dərəcədə ürəkbulandırıcı görünür. Bir də baxırsan, məlum olur ki, hansısa ölkədə 30-35 yaşında nazir təyin edilib, o saat bizdə girişirlər nazirlərin yaşını hesablamağa, məlum olanda ki, birinin 840, digərinin 1030, ayrısının da 9520 yaşı var, o saat giley-güzar başlayır, sən demə, Azərbaycanın indiki duruma düşməsinin səbəbi elə nazirlərimizin çox ahıl olmasıdır.

Gülməlidir. Lap belə qəşş edib gülməlidir. Məsələn, Mikayıl Cabbarov təhsil naziri təyin ediləndə az qala bələyi təzə açılmışdı, axırı nə oldu? Camaat hazırda Misir Mərdanovu əlində çıraq axtarır, onun nazir olduğu illərin nostaljisi ilə yaşayır. Yaxud YAP-çıların təzəlikcə deputat düzəltdikləri Naqifi götürək – Rəsulzadə haqqında söylədiyi şəri, iftiranı nə tez unutdunuz? Başqa örnəklər də var. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu vəzifəyə təyin ediləndə (2005-ci il) vur-tut 35 yaşı vardı, indi, yəni cəmi 10 il sonra ölkənin ən korrupsiyalaşmış məmurlarından deyilmi? Yaxud yapçıların Ceyhun Osmanlı kimi “gənc” kadrı ilə 80 yaşlı baş nazir müavini Abid Şərifov arasında hansı məntiq, mahiyyət, düşüncə, zehniyyət fərqi var, söyləyə bilərsinizmi?

Dediyim odur ki, indiki idarəetmə tərzi və təfəkkürü qaldıqca, onun vintciklərinin və təkərciklərinin yaşı heç bir əhəmiyyət daşımır. Bir halda ki, Sistem yalan, yaltaqlıq, zorbalıq, oğurluq üzərinə quruludur, o zaman heç bir mənası yoxdur ki, hansı vəzifədə neçə yaşında məmur oturur, 30, yoxsa 70, 80!

Çünki gənclik yalnız yaş hadisəsi deyil, həm də baş hadisəsidir. Gənclik dinamizmdir, çeviklikdir. Bizdə isə gənclərin böyük hissəsi gəncliklərini yaşamadan sürətlə ahıllaşır, bütün varlıqları ilə dəyişimə, yeniliyə nifrət edir, geriçiliyin, köhnəliyin bütün təzahür formalarını ikiəlli dəstəkləyirlər. Onları hazırkı çağdışı rejimin dəstəkçisinə çevirən məhz budur. Onlar bu rejimdə özlərinin daxili kimliklərini, gerçək mahiyyətlərini tapırlar.

Bizdə isə hesab edirlər ki, gənclik yalnız yaş faktıdır, ona görə də bir gənc bir qul kimi öz dekanının, idarə müdirinin arxasına düşüb “balıq Hafiz”in mitinqinə gedə bilir. Buna görə qətiyyən xəcalət çəkmir, buna “yox” deməyi ağlının ucundan keçirmir.

Gənclik yalnız yaş hadisəsi kimi qəbul olunanda, həm də baş hadisəsi kimi qəbul edilməyəndə ortaya bax belə rüsvayçı mənzərə çıxır.

Qısası, biz gənc dedikdə ancaq yaşı nəzərdə tutmaq kimi səfeh vərdişdən əl çəkməliyik. Anlamalıyıq ki, gənc həm də və daha çox başına görə gəncdir, ağlına, düşüncəsinə dünyagörüşünə, daşıdığı dəyərlərə görə gəncdir.

Əks halda, ondan hər hansı gözləntidə olmaq təkədən pendir tutacağına ümid etmək kimi bir şeydir.

Gənclik təkcə yaş hadisəsi olmayıb, həm də baş hadisəsi olanda ondan Naqif düzəltmək üçün bütün neft pullarını xərcləsən mənasızdır.