Hakimiyyət özünü gülünc vəziyyətə saldı

ilham-mushavireABŞ-a qarşı sanksiyalar daxili auditoriyanı çaşdırmaq cəhdidir

Çoxdandır ki, insanların üzündə gülüş yoxa çıxmışdı. Hökumət insanlara dərd paylamaqda xəsislik etməmişdi. Manatın 48 faizlik ölümü, qiymətlərin kəskin bahalaşması, sabaha ümüdün olmadığı bir vaxtda, hökumət cəmiyyətə gülüş bəxş etdi. Bəli, Milli Məclisimiz anti-ABŞ müzakirələrinə başladı. Daha doğrusu ABŞ-a qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarıldı. Iki gündür bütün ölkə hökumətin bu “addım”ına gülüşlə reaksiya verir.

Sosial şəbəkələrdə karikaturalar, lətifələr, ironik statuslar tüğyan edir. Hətta dünənə qədər hökumətə qarşı loyallığı ilə seçilən, tənqidi fikir yazmaqdan çəkinənlər də Milli Məclisdəki müzakirələrdən sonra dilə gəlib. Adamlar başa düşür ki, heç bir normal hökumət bu qədər gülünc müzakirəyə imkan yaratmaz. Çünki, Azərbaycan heç bir parametr üzrə ABŞ-ın rəqibi deyil və ABŞ-ın bir ştatı ilə də rəqabət aparmaqda acizdir. Bir qism insanlar isə təəssüf hissi keçirir. Çünki, adamlar belə bir hakimiyyətin idarəetməsində yaşadıqları üçün utanırlar. Dövlət adına bu qədər cılız addımlar atmaq, dövləti bu qədər ucuz təbliğata mövzu etmək yolverilməzdir. Ölkə böhranla üz-üzə qalıb, proqnozlar təhlükəlidir, yerli istehsal yox səviyyəsindədir, dünya hakimiyyəti fakt qarşısında qoyub və belə bir vaxtda parlament özünü Komediya Teatrına çevirir. Hansıki, belə məqamda həyəcan siqnalı çalınmalı, ölkəni böhrandan xilas etmək üçün proqram hazırlanmalı, dünya ilə münasibətlərin istiləşməsinə cəhd edilməlidir.

Həqiqətən də tragikomik mənzərədir. 9 milyona vəkillik etmək iddiasında olan 125 nəfər, oyuncaq qanun layihəsini müzakirəyə çıxarıb. Adamlar süni qiymət artımından narahatdır, kredit borcu olanlar dövlətdən açıqlama gözləyir, bunlar isə yığılıb ABŞ-a dirsək göstərirlər. Məsələ burasındadır ki, ölkədə yerli istehsal yoxdur və bütün zəruri ehtiyacları idxal hesabına ödəyirik. Belə bir şəraitdə dünyaya dirsək göstərmək, ölkəni böhranın içinə itələməkdir.

Təbii ki, hökumət gülünc vəziyyətə düşdüyünün fərqindədir. Bu qanun layihəsi müzakirəyə çıxarılanda da nəticəsindən əmin idilər. Sadəcə olaraq daxili auditoriyada çaşqınlıq yaratmaq naminə, özlərini növbəti dəfə quyuya atdılar. Bəli, məqsəd budur ki, ölkə ictimaiyyətinin alternativ informasiyadan məhrum olmuş təbəqəsinə “biz də ABŞ-a qarşı sanksiya təbiq edirik”, “ABŞ-ın qarşısında geri çəkilmirik” mesajı verməkdir.

Hesab edirlər ki, ABŞ-ın sanksiya hədəsinə adekvat cavab belə olmalıdır. Amma baş verənlərdə əsas bir məqam var və hamı bu məqamdan dərs götürməlidir. Əgər hakimiyyət özün gülünc vəziyyətə qoymaqdan, özünə qeyri-ciddi imic düzəltməkdən çəkinmirsə, dövlətin, millətin imicini düşünərmi? Özünə hörmət qoymayan adam, özgəsinə necə qiymət verər?

Bir sözlə, hökumət uçurumun kənarında olduğu vaxtda da, “artist”lik edir. Düşünürlər ki, cəmiyyət bunların addımını qəhrəmanlıq kimi qiymətləndirəcək. Amma başa düşmürlər ki, qəhrəmanlıq qapı arxasından “səni döyərəm” demək deyil, bayıra çıxıb rəqiblərlə üz-üzə dayana bilməkdir.

Indiki halda hökumə qorxaq qəhrəmanın taleyini yaşayır. Hamı qarışqanın fili rinqə çağırmasına tamaşa edir.

Böyük dərddir, ölkə “nadinc uşaqlar”ın əlində qalıb.

Samir