Hesablama Palatası Hacıbala Abutalıbovla Qorxmaz Hüseynovun fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb
Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş iclasında “Azərsu” ASC-də “Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və “Açıq kommunal infrastruktur Proqramı-II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (YBƏA) və Almaniyanın “KfW” Bankından cəlb olunmuş kreditlər və dövlət əsaslı vəsait qoyuluşu üzrə aparılmış auditin nəticələri müzakirə edilib.
APA-nın məlumatına görə, auditor C. Həsənov “Azərsu” ASC-nin Nizamnaməsində onun səhmlərinin dövlət mülkiyyətində saxlanıldığı dövrdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin həllinin qanunvericiliyə uyğun olaraq müvafiq qaydada hansı dövlət orqanları tərəfindən həyata keçirilməsinin tənzimlənmədiyini, Idarə Heyəti haqqında Əsasnamənin qəbul edilmədiyini diqqətə çatdırıb.
Auditor kredit vəsaitindən istifadənin geçikməsi nəticəsində kreditin 5,5 il ərzində cəmi 21,2%-i istifadə olunduğunu, müqavilənin icra müddətinin uzadılması və bəzi xidmətlər üzrə əlavə vəsaitin məbləğinin Azərbaycan hökumətinin payı hesabına maliyyələşdiriləcək müvafiq hissəsinin artmasına şərait yaratdığını bildirib. Auditor layihələr üzrə investisiya təkliflərinin dəqiq hesablamalarla əsaslandırılmaması və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməməsi səbəbindən müvafiq illər üzrə ilkin olaraq dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsaitin məbləğinin dəfələrlə dəyişdirildiyini, layihələr üzrə tikinti-quraşdırma işlərinin ehtimal olunan dəyəri müəyyən edilərkən Azərbaycan ərazisində mövcud olan qiymətlərdən fərqli qiymətlərin tətbiq edildiyini qeyd edib. Həmçinin layihə-smeta sənədlərinin vaxtında hazırlanmaması və tikinti işləri üzrə layihələrə edilən dəyişikliklərin ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün qeyri-münbit şərait yaratdığını, nəticədə bəzi hallarda podratçılara artıq vəsait ödənildiyini nəzərə çatdırıb. C. Həsənov nəql borusuna müvəqqəti qoşulmalar və razılaşdırılmamış dəyişikliklərin bir sıra hallarda nəql borularının əsaslı səbəb olmadan zədələnməsinə, ümumilikdə bütöv sistemlərin funksionallığının risklərlə müşahidə olunmasına və layihələr üzrə əhalinin 24 saatlıq davamlı su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunmasına neqativ təsir etməsinə gətirib çıxardığını qeyd edib. Eyni zamanda bütün bunların layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılmaması və davam etdirilməsinin, obyektlərin istifadəyə verilməməsinin isə nəzərdə tutulmuş digər son hədəf göstəricilərinə (xidmət göstərilən və ya əhatə olunan əhalinin faizi, çirkab suların emal edilərək Xəzər dənizinə, kanal və ya çaylara axıdılması kimi göstəricilər) nail olunması səviyyəsinin qiymətləndirilməsinə imkan vermədiyini söyləyib.
Iclasda həmçinin dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı şəhər Icra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə (Birlik) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.
Fəaliyyət istiqaməti üzrə məsul auditor N.Həsənov bildirib ki, Nizamnamə tələblərinə riayət edilməyərək nəzarət subyektinin strukturu Bakı şəhəri Icra Hakimiyyətinin rəhbəri tərəfindən deyil, Birliyin rəhbərliyi tərəfindən təsdiq edilib, büdcə proqnozları tərtib edilərkən hesablamalar faktiki mövcud olan yaşıllıq ərazilərinə görə deyil, 1976-cı ildə aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş ərazilərə uyğun həyata keçirilib, qüvvədə olan normalara əməl olunmayaraq yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid xərclər büdcə vəsaiti hesabına proqnozlaşdırılıb.
Bir hektar yaşıllıq sahəsinə qulluq üzrə düşən faktiki xərclər qüvvədə olan normalarla müqayisədə yüksək olub, balansda olan faktiki yaşıllıq sahəsinin ərazisi dəqiqləşdirilməyib, fiziki və hüquqi şəxslərin istifadəsində qalan sahələr balansdan azaldılmamış, habelə həmin sahədə çoxillik əkmələrin, ərazilərin inventarizasiyanın aparılmaması səbəbindən Birliyin balansında olan yaşıllıq sahələri ilə faktiki yaşıllıq sahələri arasında uyğunsuzluq mövcud olub. Birliyin işçilərinin əmək haqlarının mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi, işçilərin ixtisas dərəcələrinin düzgün təyin edilməməsi hallarına yol verildiyi də üzə çıxıb. Auditor yaşıllıq xərclərinin maliyyələşdirilməsi zamanı smeta xərclərinin həddinə riayət olunmadığını, bəzi xərclər üzrə yaranmış qənaətin faktiki tələbat dəqiqləşdirilmədən təyinatının dəyişdirilərək digər xərclərə yönəldildiyini diqqətə çatdırıb.
Auditor “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə ayrılmış vəsaitin xərclənməsi zamanı bəzi hallarda “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə riayət edilməyərək satınalma metodu tətbiq edilmədən vəsait xərc edildiyini, əkin materiallarının və mineral gübrələrin müqavilə və tender təklifi qiymətlərindən baha qiymətə alınması nəticəsində icraçıya artıq büdcə vəsaitinin ödənildiyini qeyd edib.