İmam Hüseyni yürüşlə ananlar döyülüb, ehsan mağarları sökülüb, məscid mühasirəyə alınıb
Axşam saatlarında isə Imamzadəyə bomba qoyulması bəhanəsilə insanlar məsciddən çıxarılıb
Gəncədə Aşura mərasimlərini həyata keçirmək istəyən dindarlar polis zorakılığına məruz qalıb. Bu barədə “Azadlıq”a Gəncə sakinləri məlumat veriblər.
Qeyrət Vəliyev adlı sakinin “Azadlıq”ın “facebook” poçtuna yazdığına görə, dekabrın 5-i Tasua (Aşuradan öncəki gün) günü ilə əlaqədar, ənənəyə uyğun olaraq, Imam Hüseynə xatir yürüşü keçirmək istəyənlər döyülüb və saxlanılaraq polis bölmələrinə aparılıb: “Biz gözümüzü açandan bəri bu günü Imam Hüseynə əzadarlıq keçirmək niyyəti ilə yürüşlər olurdu. Amma bu gün Gəncə polisi və şəhər rəhbərliyi gücləndirilmiş iş rejiminə keçib, əhalini döyərək avtobuslara doldurub və aparıb polis idarələrində olmazın işgəncələr veriblər. Hətta köməyə Daxili Qoşunların qara maskalı dəstəsi gəlib, dubinkaları işə salaraq 16 nömrəli məktəbin qarşısında toplaşanları qadın və qocalara belə, məhəl qoymadan döyüb. Bu azmış kimi, Imamzadədə ehsan vermək üçün qurulan mağarları sökdürüblər. Xalqın ziyarətgaha getməsinin qarşısını alıblar”.
Gəncədən aldığımız başqa bir xəbərdə isə deyilir ki, polislər əksər məscidlərin fəaliyyətini dayandırıb. Bu sırada “Şah Abbas” “Qazaxlar”, “Tatarlar”, “Qırıxlılar”, “Fatimeyi Zəhra” və “Ozan” məscidlərini göstərmək olar. Polislər inanclı insanları içəri buraxmamaq üçün məscidləri “üzük qaşı kimi” mühasirəyə alıb.
Şah Abbas məscidində isə dindarlarla polis arasında qarşıdurma yaranıb. Dindarlar mühasirəni yararaq məscidə daxil olublar. Məlumatlarda həmçinin deyilir ki, Gəncə şəhərinin özü də daxili qoşun və polis tərəfindən mühasirəyə alınıb. Bu Gəncənin müxtəlif ərazilərindən piyada şəhərə doğru üz tutan dindarların qarşısını almaq üçündür. Gəncənin yerli rəhbərliyi göstərişinə əsasən həmin adamlar şəhərə buraxılmayıb. Xüsusilə də insanların Imamzadə məscidinə yolu bağlanıb. Şəhər rəhbərliyi ciddi-cəhdlə çalışıb ki, məscidə daha az sayda insan toplaşsın.
Saat 22.00-da Gəncədən daha ilginc məlumat aldıq. Xəbərdə deyilir ki, Sabirə Musayeva adlı Kəlbəcərdən olan məcburi köçkün axşam saat 9-10 radələrində Imamzadəyə bomba qoyulması barədə 102 xidmətinə məlumat verib. Bundan sonra Gəncəbasar zonası üzrə bütün güc strukturları ayağa qaldırılıb. Imamzadəyə yığışan insanları oranı tərk etmək tapşırılıb. Insanlar panika içərisində məscidi tərk ediblər.
Bütün Gəncə həmin vaxt şok içərisində olub. Lakin xəbər təsdiqlənməyib. Ehtimal olunur ki, bu, məscidi boşaltmaq üçün düşünülüb.
Informasiya şöbəsi