Leon Panetta Təl-Əvivi Ankara ilə münasibətləri düzəltməyə çağırdı, Tehrana yönəlik hərbi müdaxiləni isə istisna etmədi
ABŞ-ın müdafiə naziri Leon Panetta Brukinq Universitetinin keçirdiyi forumda çıxışı zamanı Israilin Yaxın Şərqdən getdikcə daha çox təcrid olunduğunu bildirib. O, Yaxın Şərqdə təhlükəsizliyin qorunması üçün Israili region ölkələrilə münasibətləri yaxşılaşdırmağa çağırıb.
“Israil regionda stabilliklə bağlı ortaq maraqları olan Türkiyə, Misir və Iordaniya kimi ölkələrlə münasibətləri düzəldə bilər. Bu sahədə mühüm əlaqələri bərpa etmək və inkişaf etdirmək üçün həlledici vaxtdır. Yaxın Şərqdə təhlükəsizlik və rifaha nüvə ilə silahlanmış Irandan böyük təhlükə ola bilməz. Buna görə də bu regiona yanaşmamızın mühüm bir tərəfi Iranı nüvə silahı hazırlamaqdan çəkindirmək və bütün regiona təhlükə törədəcək fəaliyyətlərdən daşındırmaqdır”, – deyə Panetta bildirib.
Müdafiə naziri ABŞ dövlət katibi Hillari Klintonun dəfələrlə etdiyi çağırışı təkrarlayaraq, Israili fələstinlilərlə sülh danışıqlarını bərpa etməyə çağırıb. Panetta üzünü Israilə tutaraq deyib: “Sadəcə, danışıqlar masasına əyləşin!”
Çıxışında Türkiyə-Israil münasibətlərinə də toxunan Panetta iki ölkə arasındakı əlaqələrin hazırkı durumundan məyus olduğunu da vurğulayıb.
Türkiyənin mühüm NATO müttəfiqi və gerçək tərəfdaş olduğunu söyləyən Pentaqon şefi bildirib ki, Israilin Türkiyə ilə uzlaşması həm Israilin özünün, həm Türkiyənin, həm də ABŞ-ın maraqlarına uyğundur. Onun fikrincə, münasibətlərin qaydasına düşməsi üçün həm Türkiyə, həm də Israil daha çox səy göstərməlidir.
Irana qarşı hərbi əməliyyat variantından danışan Panetta deyib ki, Tehranın nüvə proqramı ciddi narahatlıq doğursa da, problemin güc yoluyla həlli Vaşinqtonun gündəmində deyil: “Arzuolunmaz nəticələrə qarşı diqqətli olmalıyıq. Son çıxış yolu kimi, hərbi müdaxilə variantı daim nəzərimizdədir. Amma bu, son variant olmalıdır, ilk yox”.


