ABŞ NATO-nun Raket Əleyhinə Müdafiə sistemlərinin Avropada yerləşdirilməsi işini davam etdirəcək
ABŞ Rusiyanın mövqeyindən asılı olmayaraq, Avropada Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin qurulması işini davam etdirəcək. Bu barədə ABŞ-ın NATO-dakı təmsilçisi Ivo Dalder məlumat verib. Diplomat jurnalistlərə açıqlamasında bildirib ki, Avropanın məruz qala biləcəyi mümkün raket hücumlarının qarşısını almaq məqsədilə ABŞ-ın ortaya atdığı plan Vaşinqtonla Moskva arasında mövcud olan ən başlıca problemdir.
“Iranın təhdidləri ötən illərlə müqayisədə daha da güclənib. Biz Rusiyanın nə düşünməsindən asılı olmayaraq, Raket Əleyhinə Müdafiə sistemlərinin reallaşdırılmasını nəzərdə tutan bütün işləri həyata keçirəcəyik”, – deyə Dalder vurğulayıb. Xatırladaq ki, bir müddət öncə Rusiya prezidenti Dmitri Medvedev Avropada NATO-nun Raket Əleyhinə Müdafiə sistemlərinin yerləşdirilməsinə ölkəsinin cavab verəcəyi hərbi-texniki və diplomatik xarakterli tədbirlər kompleksini açıqlamışdı. Kreml rəhbəri bildirmişdi ki, Rusiya bir neçə ildən sonra ölkənin strateji potensialını zəiflədə biləcək ABŞ-ın Raket Əleyhinə Müdafiə proqramında iştirak etməyə razılıq verməyəcək. Bundan başqa, NATO Raket Əleyhinə Müdafiə sisteminin yerləşdirilməsinin planlaşdırıldığı ölkələrdən biri olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu nəzərdə tutulan layihəyə Ankaranın müsbət yanaşdığını bildirib. Nazirin sözlərinə görə, Raket Əleyhinə Müdafiə sistemlərinin Türkiyədə yerləşdirilməsi ölkəsilə yanaşı, NATO-nun da müdafiə gücünü artıracaq: “Türkiyə erkən xəbərdarlıq radarının bir parçasını təşkil edəcək NATO Raket Əleyhinə Müdafiə sisteminin idarə edilməsində fəal iştirak edəcək”.


