İnşallah, Eldar müəllim

ilham-huseynİlham Hüseyn

Dərdimizlə gizlənqaç oynamağa başlamışıq. Insanların sabaha ümidi qalmayıb. Cəmiyyət pis nümunələrin əhatəsində fırlanır. Hər gün daha ağır fəlakətin proqnozu verilir. Vətəndaşın taleyi hökuməti qətiyyən maraqlandırmır. Bir tərəfdən neftin qiyməti sürətlə düşür, o biri tərəfdən manat “ölümlə” əlləşir. Qarşıda işsizlik, yoxsulluq, aclıq var.

Və belə bir vaxtda ölkənin milyardlarını “sehrli çubuq”la yoxa çıxaranlar, “təsəlli” proqnozları verirlər.

Ilk olaraq Idman və Gənclər naziri Azad Rəhimov dilə gəldi və xalqa “muştuluq” verdi. Azad müəllim dedi ki, devalvasiya “Formula-1″ və ”Islam Həməryliyi Oyunları”nın keçirilməsinə əngəl olmayacaq. Sanki, Azərbaycan xalqının yeganənarahatlığı, dərdi-səri bu oyunlar imiş. Guya, kredit borcunu, övladının təhsil haqqını, gündəlik ehtiyaclarını ödəyə bilməyən vətəndaş, “Formula-1″ yarışının həsrətiylə yaşayırmış.

Bəli, camaat qiymətlərin qalxmasından, ixtisarlardan, böhrandan narahatdır, bunlar yarış dərdindədi.

Amma yapçı deputat Eldar Ibrahimovun baş verənlərə münasibəti Azad Rəhimovun “muştuluğ”unu kölgədə qoydu. Eldar müəllim əvvəlcə qeyd edib ki, bu ölkədə heç kəs, heç kəsin bir qəpiyin yeyə bilməz. Ardınca isə “Inşallah, neftin qiyməti qalxar, hər şey də düzələr” deyib.

Təkcə bu cümlə rejimin bütün fəaliyyətinə verilmiş qiymətdir. Qocaman yapçı etiraf edir ki, 22 il ərzində heç bir inkişaf olmayıb, milyardlar real sektora xərclənməyib və neftin hesabına tullanıb-düşmüşük. Eyni zamanda açıq şəkildə bildirilir ki, vəziyyəti yaxşılaşdırmaq üçün hökumətin heç bir müdaxilə imkanı yoxdur. Deməli, neftin qiyməti qalxmasa, millət zillətlə qol-boyun yaşayacaq. Deməli, regionun lider dövləti qonşu ölkələrdən də pis vəziyyətə düşəcək.

Bəs, hanı regionun lider dövləti? Analoqsuz inkişafın nəticəsi hara yoxa çıxdı? Bəs, deyirdiniz dünya bizə paxıllıq edir, dünya Azərbaycan modelini öyrənir? Eldar müəllim, neftdən gələn 100 milyardlar hardadı?

Dəhşətlisi budur ki, neftin qiyməti 120 dollar olanda da camaatın vəziyyəti yaxşılaşmadı. Onda da müəllim 150-200 manat əmək haqqı alırdı, banklar 25-30 faizlə kredit verirdi, yenə büdcəmiz 15-20 milyard arasında dəyişirdi, qeyri-neft sektoru şikəst vəziyyətdəydi, monopoliya meydan sulayırdı və s.

Yəni neftin qiyməti yüksək olanda da xalq alçaqlarda qalmışdı. Eldar müəllim, bu ölkədə heç kim heç kimin bir manatın yeyə bilməz. Amma hökumət xalqın haqqın yeyə bilir. Son ildə ölkədən 95 milyard pul çıxarılıb. Sizcə, bu kiminsəhaqqının yeyilməsi deyil?

Xatırladaq ki, Eldar Ibrahimov, 20 ildir deputatdır və Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədridir. Ölkənin əsas potensialı da kənd təsərrüfatı sahəsidir. Amma bu sahə iflic vəziyyətdədir və adi kartofa olan ehtyiacımızı da yerli istehsal hesabına ödəyə bilmirik. Hörmətli deputat nə vaxt kənd təsərrüfatının bərbad vəziyyətindən danışıb, nə vaxt bu sahəyə külli miqdarda vəsait ayrılmasını təlbə edib? Axı, Eldar Ibrahimov neftin qiymətinin yüksək olduğu vaxtlarda da deputat olub.

Belə getsə, hökumət xalqa müraciət edəcək ki, hamılıqla dua edin. Dua edin ki, neftin qiyməti qalxsın. Onsuz da bu xalqın işi çoxdandır ki, Allaha qalıb. Amma Allah da bəndəsinə ağıl, şüur, düşüncə bəxş edib.

Bir sözlə, qocaman yapçı deyir ki, oturub neftin qiymətinin qalxmasını gözləyirik. Yəni monopoliyaların ləğvi, ofşordakı pulların ölkəyə qaytarılması, qeyri-rəsmi pulların büdcəyə transferti nəzərdə tutulmur.

Inşallah, Eldar müəllim, inşallah düzələcək. Amma neftin qiyməti qalxanda yox, neft pullarını talan edənlər hakimiyyətdən gedəndə. Çünki, başqa ölkələr neftə bürünüb ağ günə çıxdı, bu hökumət isə neftə bürünüb vətəndaşı ağ kəfənlik etdi. Inşallah, düzələcək.