İlham Əliyevin ad gününə həsr olunmuş yazı
Bizim ən yaramaz xüsusiyyətimiz bilirsiz nədir, hamının sözünə inanmamız. “Kişi sözü” adlı bir film var ha, o filmdə olduğu kimi hələ də “kişi sözü” axtarışında olmamız. Zaman elə dəyişib, aləm elə qarışıb, söz dəyərdən düşüb. Sözün yiyəsi olmaq, sözübütövlülük anlayışları insanlara yadlaşıb. 15 yaşlı yeniyetmədən soruşsan bu sözlərin mənasını izah edə bilməyəcək. O bizik, yapışmışıq sözün quyruğundan. Əlimizdə quyruq qalıb.
Ötən ilin bu çağlarında Ilham Əliyev manatı göz bəbəyi kimi qoruyub saxlayacağına söz vermişdi. And içməmişdi, əmin etmişdi. And içsə də fərq etməzdi. Demişdi ki, dost, qonşu ölkələrin milli valyutaları “ölüb”, ağlayanı yoxdur, manat dipdiridir. “Onu bizim siyasi kursumuz qoruyur, yaşadır. Nə qədər varıq, manatı ölməyə qoymarıq”. Sumqayıtda 53 metrlik biskvitli tort bişib camaata paylanmasa da, prezident ad gününün səhəri sevinc içində demişdi bunları. Yeni il qabağı millətə gözəl vədlər vermişdi: “bağ, bostan, meyvə, tərəvəz”. Hap-gop (bir az kolorit qatsaq, cırt-pırt). 21 fevral 2015-ci il devalvasiyası vədlərin içi boş olduğunu göstərdi. Insaf üçün, hər necə olsa camaat 2015-ci ili qarnı tox qarşıladı. Süfrəsi boş qalmadı, ailə üzvləri bir ocağın başına toplaşa bildi. Hələ biz kənddən havayı hinduşka gətizdirib kabab da bişirdik. Düzdü, kababın iyinə yığılan çox oldu, mənə pay çatmadı. Yenə də, qonaqpərvər xalq olduğumuzdan dərinə getmədim. Biz özümüzə qıymadığımız yatağı, yeməyi qonağımıza qurban edirik ha, ona görə. O arada TV ekranlarında yaşanan Dünya Azərbaycanlılarının Həmrəylik günü də Yeni il bayramına qoşulub il adladı. Bayramı yola verəndən sonra da eləbildik sözə inanmaq olar. Inanıb da güvənmək olar. Hakimiyyətdən danışanda gərək inam, güvən, haqq, ədalət sözlərini işlətməmək gərəkdir. Işlədirsən, olursan yaltaq. Bu dəfə hakimiyyət cəld tərpənib millətin yeni ilini qara gətirdi. 2015-in başlanğıcında (21 fevral) yaşanan “manat müsibəti”ni ilin sonunda, bayram öncəsi yenidən şoka çevirib üzümüzə çırpdı: “al sənə yeni il”. “Al sənə bayramqabağı dolların qiymətini qaldırıb bahalaşmaya səbəb olmazlar”- düşüncəsi. Dollarla vidalaş, bir daha üzünü görməyəcəksən, əlin dəyməyəcək. Adını dilinə gətirməkdən qorxacaqsan. Alın a, yana-yana qalın a! Bayramınız (qəzanız) mübarək, mən getdim hinduşka bayramına, dünyanı gəzməyə. Arxamca danışmayın, həsrətləbaxmayın. Gürcüstana getmək fikrini başınızdan çıxarın. Bakuryaninin qarını satın alıb Şahdağa daşıtmışıq. Rayona, kəndə sarı üz çevirməyin. Işıqları, qazı söndürmüşük – sosial siyasətçi Hadı Rəcəbli demiş, qənaət zamanıdır. Bayram axşamı qıçınızı qatlayıb oturun televizorun qabağında, kələm turşulu kartof qızartması, süfrədəki göy-göyərti ilə mədənizi aldadıb gecə keçincə AzTV-nin, ITV-nin əttökən proqramlarına baxın. Ilboyu vergidən yayınsa da hər bayramda efirə çıxmaq üçün pul paylayan müğənnilərə, naftalin iyi verən səhnəciklərə baxıb “söyün Gəray bəyin göruna”.
Budəfəki devalvasiyadan sonra hər şey bahalaşdı, ucuzlaşan tək söyüş oldu. “Biri bir qəpiyə”. Söyüş çıxış yolu deyil, onu hamı özünə yaraşdırmır. Minimiz bir yerə yığışıb el ola bilmiriksə, bir lətifədə deyildiyi kimi: “Gəlin bir aeroplan düzəldib yığılaq içinə, uçaq, gedək, köçək bu xarabadan”. Tiflisə də köçmək olar, Ukraynaya da. Hardan Saakaşvili keçib, var ora. Saakaşvilini bəyənməyən hökumətlər bizə yaramır. Ya-ra-mır!
Azadə