Vitse-prezident Türkiyədə önəmli demokratiya çağırışları etdi
Bayden-Gül görüşünün detalları açıqlandı
ABŞ-ın Türkiyədə səfərdə olan vitse-prezidenti Cozef Bayden Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün baş nazirin evinə gəlib. Baydenin ziyarətinin reallaşacağı saat yaxınlaşdıqca baş nazirin evinin yerləşdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Vitse-prezidentin olduğu “Limuzin”i Ərdoğanın iki motosikletli mühafizəçisi, həmçinin Cozef Baydenin dublyoru olan başqa bir avtomobil də müşayiət edib.
Baydenlə Ərdoğanın görüşü 2 saata yaxın davam edib. Görüş barədə geniş açıqlama verilməyib. Bu barədə yayılan rəsmi açıqlamada bildirilir ki, görüş zamanı ABŞ-Türkiyə münasibətləri, terrorla mübarizə, Iranın nüvə proqramı və bu ölkəyə qarşı addımlar, Iraqdakı son durum, Yaxın Şərq və Suriyada baş verən hadisələr müzakirə olunub.
Bundan başqa, Türkiyəyə səfəri çərçivəsində Istanbulda keçirilən Ikinci Qlobal Sahibkarlıq sammitinə qatılan vitse-prezident Türkiyənin əhəmiyyətli potensiala sahib olduğunu bildirib. Onun fikrincə, Türkiyə bunu lazımınca qiymətləndirə bilsə, 2023-cü ildə dünyada iqtisadiyyatı güclü olan ilk 10 ölkə arasına daxil ola biləcək. Cozef Bayden Türkiyənin ötən 10 il ərzində üç qat inkişaf etdiyini vurğulayıb.
ABŞ-ın vitse prezidenti çıxışında “Ərəb baharı”na da toxunub. Bayden ABŞ-ın hər zaman azadlıq axtaranların yanında olacağını bildirib: “Hökumətlər ifadə azadlığını, fərqli düşüncə azadlığını təmin etməsə, sahibkarlar uğur qazana bilməz. Hər şey dəyişdi. Heç nə əvvəlki kimi olmayacaq. Yalnız Yaxın Şərq deyil, 20 il ərzində dünya da dəyişib. Biz küçələrdə daha yaxşı həyat uğrunda mübarizə aparan xalqların duyğularını anlayırıq. Çünki demokratik inqilablar, Tunis, Misir, Liviya, Suriyada meydana gələn etirazlar təşəbbüskar bir ruhun əsəridir. Oradakı xalqlar hökumətləri yerlə-yeksan etdi. Öz istəklərinin eşidilməsini təmin etdi. Indi avtoritarlıq, sui-istifadə, ifadə azadlığının önündəki maneələrin qaldırılmasını istəyən xalqlar var. Danışa bilmək, mətbuat azadlığı istəyirlər. ABŞ azadlıq axtaran xalqların yanında olacaq”.
Bu arada, Cozef Baydenin Türkiyə prezidenti ilə keçirdiyi görüşün detalları açıqlanıb. Baydeni müşayiət edən amerikalı rəsmilərdən biri jurnalistlərə açıqlamasında deyib ki, görüşdə PKK, Suriya, Iraqın gələcəyi, Iran və başqa mövzular müzakirə olunub. Onun sözlərinə görə, Gül-Bayden görüşünə 1 saat vaxt ayrılmasına baxmayaraq, görüş 2 saata yaxın davam edib. Amerikalı rəsmi qeyd edib ki, ABŞ bu ilin sonuna qədər əsgərlərini Iraqdan çəkəcəyinə görə görüşdə xüsusilə Iraq mövzusu üzərində geniş müzakirə aparılıb. Bayden Gülə bildirib ki, ABŞ Iraqla əlaqəni kəsmək niyyətində deyil. Əksinə, əlaqəni hərbi münasibətlərdən sivil müstəviyə keçirmək istəyir.
Qeyd olunduğu kimi, Gül-Bayden görüşündə gündəmə gələn başqa bir mühüm mövzu PKK ilə bağlı olub. Vitse-prezident iki ölkənin ortaq problemi olan bu məsələnin həllində ABŞ-ın türklərə kömək etməyə hazır olduğunu Abdullah Gülün diqqətinə çatdırıb.
Suriyadakı hadisələrə toxunan Cozef Bayden Əsəd rejiminin bu ölkədəki qeyri-sabitliyin mənbəyi olduğunu, yalnız Suriyada deyil, kənar ölkələrdə də məzhəb qarşıdurmalarının gərginləşməsinə yol açdığını bildirib. Onun sözlərinə görə, əsas məqsədləri Suriyadakı rejimin öz xalqına qarşı zorakılığı dayandırmasını təmin etmək və Əsədin hakimiyyəti tərk etməsidir.
Görüşdə Türkiyə-Israil münasibətləri də müzakirə mövzusu olub. Bayden bildirib ki, ABŞ ən yaxın iki dostu və tərəfdaşı arasındakı münasibətlərdə yaranan gərginliklərin tezliklə yoluna qoyulmasında maraqlıdır. Üstəlik, əlavə edib ki, bu, həm Türkiyə, həm də Israilin xeyrinə olacaq.
Elxan