Göygöl polisi paqon yoldaşlarına atəş açan Azər Şahverdiyev barədə cinayət işi başlamağa ehtiyat edir
Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu, Göygöl Rayon Polis Idarəsinin sabiq əməkdaşı Azər Şahverdiyevin cinayəti ört-basdır edilir. Redaksiyamıza daxil olan məlumatlara görə, Azər Şahverdiyevin həmkarlarına silah çəkdiyinə görə işdən çıxarılmasından sonra zərərçəkənlərə bu məsələni qabartmamaq tapşırılıb.
Məlumatlarda həmçinin deyilir ki, bu məsələ dünən DIN-də keçirilən kollegiya iclasında da müzakirə olunub. Azər Şahverdiyev Bəylər Əyyubovun qohumu olduğuna görə çox da dərinə gedilməməsi qərara alınıb.
Xatırladaq ki, Azər Şahverdiyevlə həmkarları arasında mübahisə düşüb. Hadisə polis idarəsində baş verib. Bəylər Əyyubovun bacısı oğlu paqon yoldaşlarının üstünə silah çəkib. Lakin digər polis əməkdaşları aranı birtəhər sakitləşdirib. Onlar Azər Şahverdiyevin güllələmək istədiyi polisləri Post Patrul Xidməti maşınına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıb. Bu zaman Azər Şahverdiyev maşını atəşə tutub. Ölən və yaralanan yoxdur.
Insident barədə Göygölün polis rəisi Məhərrəm Quliyev daxili işlər naziri Ramil Usubova məruzə edib. Ramil Usubov isə baş verənləri Ilham Əliyevin diqqətinə çatdırıb. Bundan sonra Azər Şahverdiyev polis orqanlarından qovulub.
Bəylər Əyyubovun bacısı oğlu həm də Polis Akademiyasının sonuncu kursunda qiyabi təhsil alırmış.