ABŞ-ın Azərbaycan iqtidarına sanksiyalar tətbiq edilməsi barədə qanun layihəsinə cavab olaraq Milli Məclisə oxşar sənəd təqdim edilib. APA-nın məlumatına görə, layihənin müəllifi Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı Icması” Ictimai Birliyinin Idarə Heyətinin üzvü Rövşən Rzayevdir. Şübhəsiz layihənin hazırlanması və Milli Məclisə təqdim edilməsi Rövşən Rzayevin özfəaliyyəti ola bilməz. Bu sənədin Prezident Administrasiyasında hazırlandığı istisna deyil.
Layihədə ABŞ dini, irqi ayrı-seçkilikdə, korrupsiyada, insan haqlarını pozmaqda, söz azadlığını məhdudlaşdırmaqda, seçki saxtakarlığında, bir sözlə, Azərbaycan hakimiyyətinə xas olan bütün antidemokratik və qanunsuz əməllərdə ittiham olunur. Bütün bunlara görə isə ABŞ-a aşağıdakı sanksiyaların tətbiq olunması qərara alınıb: “Xarici Işlər Nazirliyinə tövsiyə edilsin ki, aşağıdakı kateqoriyalara aid olan şəxslərə Azərbaycan Respublikasına gəlmək üçün viza verilməsindən imtina etsin:
ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvləri;
ABŞ Konqresində Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvləri;
erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilər;
Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər;
ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslər;
ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili orqanlara seçilmiş şəxslər;
seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxanlar;
ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.
Özəl sektorun təmsilçilərinə tövsiyə edilsin ki, ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoysunlar və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina etsinlər.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə edilsin:
ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın;
ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;
ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilsin;
Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (ISAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakı dayandırılsın;
ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunsun;
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılsın”.
Sənəddə bildirilir ki, ABŞ layihədə qeyd olunan anti-demokratik addımlara və qanunsuzluqlara son qoyacağı təqdirdə sankasiyalar aradan qaldırılıcaq.
Hakimiyyətin bu addımı günün lətifəsinə çevrilib. Sosial şəbəkələrdə qanun layihəsi ilə bağlı ironik paylaşımlar edilib. Güman ki, iqtidar bu addımı ilə beynəlxalq aləmdə də gülüş hədəfinə çevriləcək. Bu addım həm də onu göstərir ki, hakimiyyət hər şeyə rəğmən siyasi islahatlara getmək niyyətində deyil.