İlqar Yusifov: «MTN-də dedilər ki, əgər danışsan…»
Azyaşlı qızları və həyat yoldaşı Azərbaycandan Suriyaya gedərək IŞID-ə qoşulan Ilqar Yusifov yeni şok faktlar açıqlayıb. “AzNews”un məlumatına görə, iki qızının taleyindən xəbərsiz olan ata dövlət strukturlarının onun şikayətlərinə baxmamasından gileylənir.
Ilqar Yusifov məsələ ilə bağlı keçmiş Milli Təhlükəsizlik Nazirliyinə, Daxili Işlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə ərizələrlə müraciət edib, qəbullarda olub. Ona məsələnin araşdırılacağı bildirilsə də, işin üstündən aylar keçməsinə baxmayaraq, hələ də bir nəticə hasil olmayıb.
Ilqar Yusifovun sözlərinə görə, qurumlar ötür-ötürlə bu işi başlarından eləyirlər: “MTN-ə gedirdim, deyirdilər ki, get ”bandotdel”ə, ora gedirəm, deyirlər ki, get prokurorluğa, prokurorluğa müraciət edirəm, polis Idarəsinə göndərirlər. Beləcə, nə işə baxan var, nə də ailəmdən bir xəbər verən. Hətta MTN-in nümayəndələrindən biri məni hədələdi. Mənə yazıb ki, elə etmə ki, səni psixi pozğunluq damğası ilə ruhi dispanserə saldıraq”.
Şikayətçi bu hədə-qorxularla bağlı sübutları da redaksiyaya təqdim edib.
Ilqar Yusifov ailəsinin harada olduğunu müəyyənləşdirmək üçün IT mütəxəssislərinə də müraciət edib. Abşeron Rayon Polis Idarəsinin Ilqarla tanış etdiyi mütəxəssis həyat yoldaşından gələn zənglərin və mesajların əslində, Azərbaycandan göndərildiyini bildirib və dəqiq ünvan söyləyib: “Mənə xəbərdarlıq etdi ki, o ünvana tək getməyim. Lakin mən ailəmi tapmaq ümidilə getdim. Hətta həmin yerlərin fotolarını da çəkdim. Apardım Abşeron rayon Polis Idarəsinə. Idarənin baş leytenantı Mahir mənimlə oraya gəldi. Sonra telefonla kimləsə danışdı və mənə dedi ki, gedək idarəyə, rəis səni gözləyir. Qayıtdıq gəldik, heç kim məni qəbul etmədi. Dedilər ki, sən get evə, biz özümüz bu işlə məşğul olacağıq. Görünür, məni oradan uzaqlaşdırmaq istəyirdilər”.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin müstəntiqi Emin Qəhrəmanov deyib ki, bu iş üzrə araşdırmalar davam edir: “Ilqar çox şey deyə bilər. Işlə bağlı istintaq davam etdirilir. Nəticəsi barədə rəsmi məlumat veriləcək. Onun deməyi ilə deyil ki. O, gəlib burda gündə bir hoqqa çıxarır. Ümumiyyətlə, bu işlə bağlı çox şey danışa bilmərəm. Istintaqın nəticəsi haqda rəsmi məlumat olacaq”.
Müstəntiq çox danışa bilməsə də, əslində, bir çox məsələlər aydındır. Ortalıqda ağır cinayət var: bir ailə terror təşkilatına qoşulub və bu qoşulma prosesində müəyyən vəzifəli şəxslərin gə günahı var. Yoxsa ailə başçısı aidiyyəti qurumlara rəsmi şəkildə müraciət edib uşaqlarının Suriyaya qaçırıla biləcəyi haqda xəbər verdiyi, rəsmi qurumların da hər şeyi nəzarətdə saxladıqları bildirildiyi halda, ailə ölkəni necə tərk edib? Atanın razılığı olmadan uşaqlar sərhədi hansı sənədlə keçib? Aylardır edilən şikayətlərə aidiyyəti qurumlar niyə reaksiya vermir? Hələ indiyə qədər işdə adı çəkilən bir nəfərin belə dindirilməməsinin kökündə hansı mətləblər dayanır?