
Şəhidlərə ehtiram yürüşü polis vəhşiliyilə qarşılaşdı
Qadınları saçlarından tutub sürüdülər; Şəhid ataları həbs olundu
Gənc Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsi ötən gün şəhərin mərkəzində aksiya keçirdi. Gənclər hələ aksiyadan əvvəl planlaşdırdıqları addımın səbəbini belə izah edirdilər: “2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 161 nəfərə çatıb. Onlardan 90 nəfəri ölüb, 71 nəfəri isə yaralanıb. Gənclər olaraq, atəşkəs dövründə bu qədər itkiyə biganə qala bilmərik. Bu məqsədlə dekabrın 3-də Fəvvarələr meydanından Natəvanın heykəlinə doğru ”Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə dinc yürüş edəcəyik. Azərbaycan ordusundakı itkilərə biganə olmayan hər kəs bizə qoşulsun. 03.12.2011 tarixində əsgər ölümlərinə birgə yox deyək!”.
Deyildiyi kimi də oldu. Saat 15.00-da Fəvvarələr meydanında yüzlərlə etirazçı gənc aksiya keçirdi…
Aksiyanın başlanmasına saatlar qalmış artıq “Torqovı” polislərin mühasirəsində idi. Eyni zamanda, xeyli sayda mülki geyimli polislərə də rast gəlmək olardı. Aksiyada “Nida”, “Azad Gənclik” təşkilatlarının nümayəndələri, Müsavat, ADP, AXCP, VHP kimi partiyaların gənclər komitəsinin üzvləri fəal gəncləri iştirak edirdi. Bir müddət əvvəl Daşkəsəndə hərbi hissələrin birində baş verən qətliam nəticəsində dünyasını dəyişmiş yeddi hərbçidən biri olan Zakir Quliyevin atası Etibar Quliyev də aksiya iştirakçıları arasında idi.
Aksiya iştirakçılarının əllərində bu ilin sentyabrında çürüyərək dünyasını dəyişmiş əsgər Eldar Novruzovun, Daşkəsəndəki qətliamda həlak olanlar hərbçilərin portretləri, həmçinin “Əsgər ölümlərinə ”YOX” deyək!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları yazılmış plakatlar var idi.
Gənclər əvvəlcə Natəvanın heykəlinin yanından Nəsiminin heykəli istiqamətində yürüş etməyə başladılar. Ərazidə var-gəl edən polislər və mülki geyimlilər bundan xəbər tutan kimi, dərhal əraziyə gəldilər. Etirazçıların əllərində olan plakatlar alınaraq cırıldı.
Yürüş zamanı şüar səsləndirən aksiya iştirakçıları polis təzyiqilə üzləşdi, etirazçı xanımlarla kobud rəftar olundu. Hətta polislər xanımların saçından tutub yerdə sürüməyi də özlərinə rəva gördülər.


Həmişə olduğu kimi, bu dəfə də aksiyanı dağıtmağa polislərlə yanaşı, mülki geyimlilər də cəlb olunmuşdu. Polislər gənclərə qarşı aqressiv davrananda etirazçılar da əsəblərini cilovlaya bilmədilər. Bu zaman aksiyaçılarla polis və mülkigeyimlilər arasında toqquşma yaşandı. Bu qarşıdurma ilə əlaqədar aksiya bir qədər səngisə də, az sonra yenidən gənclər şüarlar səsləndirərək, yürüşü davam etdirdilər.
Gənclərin artıq dağılışıb getdiyini güman edən polislər bir qədər arxayınlaşmışdılar ki, yenidən “Torqovı”nı ucadan Azərbaycan Himnini oxuyan gənclərin səsi bürüdü. Polis və mülki geyimlilər də dərhal hərəkətə keçdi. Bu dəfə polis daha zorakı hərəkət edirdi. Polislər aksiya iştirakçılarını döyə-döyə, təpiklə-təpikləyə maşınlara doldururdular.


Aksiya zamanı AXCP üzvləri Ilham Hüseyn, Nihat Hüseyn, Dəyanət Babayev, Sərvər Ibrahimov, Elvin Baycan, Müsavat partiyasının Gənclər Təşkilatının üzvləri Rauf Məmmədov, Tural Hacıbəyli, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, ADP üzvü Emin Fərhadi, “Nida” təşkilatından Kənan Qasımlı və “dia.az”ın müxbiri Vaqif Sadıqlı saxlanıldı.
Daşkəsəndə ölən əsgərin atası Etibar Quliyev də polis bölməsinə aparılanlar arasında idi. AXCP üzvü Elçin Həsənov isə Nəsimi Rayon Polis Idarəsinin rəis müavini, törətdiyi zorakılıqlarla məşhurlaşan Süleyman Nemətovun işgəncələrinə məruz qaldı.


Aksiya zamanı jurnalistlər də təzyiqlərə məruz qaldı. Media nümayəndələri çəkiliş apararkən polis vəhşiliyilə üzləşdilər. “Yeni Müsavat”ın reportyoru Emil Salamoğlu, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun əməkdaşı Rasim Əliyev, “Azadlıq” radiosundan Maarif Çingizoğlu və “Azadlıq” qəzetindən Ramin Dekoya qarşı zor tətbiq olundu. Hətta Emil Salamoğlunu Post-Patrul Xidməti maşınına mindirərək ərazidən uzaqlaşdırdılar. Lakin az sonra məlum oldu ki, o, Səbayel rayonu 39-cu polis bölməsinin qarşısında sərbəst buraxılıb.
Dünən günün sonunda xəbər aldıq ki, saxlanılan gənclərin hamısı xəbərdarlıq ediləndən sonra buraxılıb.








Ramin DEKO



