Taxılın xaricdən gətirilməsi bahalaşmaya rəvac verib
Mərkəzi Bankın üzən məzənnə açıqlamasından sonra paytaxtın əksər ticarət obyektlərində bahalaşma baş verib. Əhalinin əsas və gündəlik ərzaq ehtiyacı olan çörəyin qiyməti də bahalaşıb. Unun qiymətinin qalxması çörək və çörək məhsulların qiymətinə təsir göstərib.
Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında məzənnə dəyişikliyilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsi haqda məlumat yaysa da, istər paytaxtda, istərsə də bölgələrdə belə hallar müşahidə olunmaqdadır.
Aparılan araşdırma göstərir ki, mağazalarda “zavod çörəyi” kimi tanınan un məmulatı istehlakçılara müxtəlif qiymətlərə və ən əsası müxtəlif çəkiyə təklif olunur. Çörəyin azaldılan çəkisinə uyğun qiymət olduğu kimi qalıb, lakin çəkisi 500 qram və ondan çox olan çörəyin qiyməti artırılaraq 50 qəpiyə çatıb.
Ölkədə baş verən bahalaşmaya diqqəti çəkən ekspert Vahid Məhərrəmov deyir ki, idxal olunan məhsulların manatla dəyər ifadəsində 47 faizə qədər artım olacaq. Qiymət artımının emal olunan məhsullarda özünü göstərəcəyini deyən ekspert, xaricdən gətirilən məhsullarda qiymət artımının qaçılmaz olduğunu vurğulayır: “Istehsal vasitələri xaricdən gətirildiyi üçün, bahalaşma qaçılmazdır. Quş ətinin istehsalında istifadə olunan yem komponentləri belə xaricdən gətirilir. Avdanlıqlar, komponentlər və istehsal vasitələri, texnika, texniki vasitələr xaricdən gətirildiyi üçün qiymətlər də bahalaşır. Əhalinin əsas istehlak məhsulu olan çörəyin qiyməti də bu məsələlərə görə artırılıb. Taxıl idxal məhsulu olduğu üçün ondan hazırlanan un və un məhsullarının qiymətini də qaldırıblar”.
Nigar