ABŞ xam nefti Brent neftindən baha oldu

neftBu gün dünya bazarlarında maraqlı trend yaşanıb. ABŞ xam nefti (WTI) Brent neftindən baha qiymətə satılıb.

Səbəb ABŞ-da neft ixracına qarşı qadağanın ləğv edilməsinə bağlı olaraq, ABŞ xam neftinin barelinin qiymətinin Brent neftinin barelinin qiymətindən daha çox qalxmasıdır.

Qeyd edək ki, həmişə ABŞ xam nefti Brent neftindən 1-2 dollar ucuz olurdu.

ABŞ xam nefti 1,6% bahalaşaraq 36,49 dollara, Brent nefti isə cəmi 0,3% bahalaşaraq 36,46 dolları görüb.

Bloomberg yazır ki, neft, ABŞ-da Çərşənbə günü açıqlanacaq olan ehtiyat və hasilat göstəriciləri öncəsi qalxır, ABŞ xam nefti Yanvar ayından bu yana ilk dəfə Brent neftindən yüksək bir qiymətdən əməliyyat görməyə başlayıb.

Qərbi Texas nefti (WTI), ABŞ-ın bu ay 40 il sonra neft ixracına qarşı qadağanı ləğv etməsindən sonra bu ölkədəki neftbazalarda ehtiyatların “əriyəcəyi” gözləntisi ilə qalxır. ABŞ-da bu gün neft ehtiyatları məlumatı açıqlanacaqdır. Analitiklərin proqnozlarına görə, ehtiyatlar 1.2 milyon barel artacaqdır. Digər tərəfdən, təklif göstəricisinin azalma göstərəcəyi gözlənilir.